GİRİŞ.
Mastit süd vəzi toxumasının iltihabıdır. Süd vəzi toxumasının iltihabı infeksiya ilə müşaiyət oluna bilər və ya infeksiyasız baş verə bilər. Süd vəzi toxumasının iltihab xəstəlikləri 3 əsas kateqoriyaya bölünür: infeksion, qeyri-infeksion və bədxassəli proseslə əlaqəli mastit. Bir sıra qeyri-infeksion dəri xəstəlikləri süd vəzi toxumasının infeksion xəstəliklərini imitasiya edə bilər.
İNFEKSİON MASTİT.
İnfeksion mastit iki qrupa bölünür - sadə mastit (məs., laktasiya ilə əlaqədar mastit) və ağırlaşmış mastit (məs., absesin formalaşması).
Laktasiya ilə əlaqədar mastit. Laktasiya ilə əlaqədar mastit infeksion mastitin ən geniş yayılmış formasıdır.
Sellulit. Süd vəzinin selluliti çox nadir hallarda müşahidə edilir və bəzən süd vəzinin iltihablı xərçəngindən və ya xoşxassəli eritematoz dəyişikliklərdən fərqləndirmək çətin olur. Süd vəzi sellulitinin ən mühüm simptomlarına ağrı, süd vəzinin şişkinliyi, qızarması və lokal istiliyi aiddir.
Süd vəzinin absesi. Süd vəzi abseslərinin əksəriyyəti mastitin ağırlaşmasından irəli gəlir.
Vərəmli mastit. Süd vəzinin vərəmi çox nadir hallarda müşahidə edilir. Adətən süd vəzinin vərəmi solitar (tək), birtərəfli bərk kütlə kimi müəyyən edilir. Lakin, süd vəzi vərəmində həm də süd vəzi giləsindən ifrazat, vəzin dərisinin qalınlaşması və ya qoltuqalı və ya süd vəzinin sinuslarından ifrazat müşahidə edilə bilər. Radioloji və kliniki cəhətdən süd vəzi vərəmi süd vəzi karsinoması və ya süd vəzi absesini imitasiya edə bilər. Mammoqrafiyada süd vəzinin dərisinin qalınlaşması proyeksiyasında kütlə müəyyən oluna bilər. Süd vəzinin US müayinəsində isə kompleks, əsasən sistik kütlə müəyyən edilə bilər. Biopsiyada isə bütöv kazeoz qranuloma təyin oluna bilər. Süd vəzi vərəmi diaqnozu mikobakteriyaların bakterioloji əkmədə və ya turşuya davamlı cöplərin müəyyən edilməsi əsasında qoyulur. Xəstəliyin antituberkulyoz preparatları ilə müalicəsi mümkündür və cərrahi müdaxilə nadir hallarda tələb olunur.
Mastitin digər infeksion səbəbləri. Birincili aktinomikoz, sifilis, göbələk (mikotik), helmintik (parazitar) və virus infeksiyaları da mastitə səbəb ola bilər.
Süd vəzinin spontan qanqrenası. Süd vəzinin spontan qanqrenası ikincili infeksiya nəticəsində baş verə bilər. Bu çox nadir halalrda baş verir, lakin diabet və böyrək çatışmazlığı olan qadınlarda daha çox müşahidə edilir.
Dişləmə yaralar. Süd vəzi infeksiyaları həmçinin insan tərəfindən dişləmə nəticəsində də baş verə bilər. Dişləmə nəticəsində yaranan yara infeksiyalarının kliniki xüsusiyyətlərinə ağrılıq, eritema, şişkinlik, irinli drenaj, limfangit və yüksək hərarət daxildir. İnsan dişləməsi nəticəsində yaranmış yaraların müalicəsi yaranın təmizlənməsi, antibiotik terapiyasının başlanması və tetanus immun qlobulini və tetanus vaksini ilə immunizasiyanın aparılmasından ibarət olmalıdır. Həmçinin, yadda saxlamaq lazımdır ki, insan dişləməsi ilə bir çox cinsi yolla keçən xəstəliklər də transmissiya oluna bilər.
QEYRİ-İNFEKSİON MASTİT.
Qeyri-infeksion mastit aşağıdakı hallarda inkişaf edir:
- şüa irradiasiyası səbəbindən mastit
- periduktal mastit
- idiopatik qranulomatoz mastit.
Süd vəzinin səthi tromboflebiti və ya Mondor xəstəliyi. Süd vəzinin səthi venalarının xoşxassəli tromboflebiti (Mondor xəstəliyi) nadir hallarda baş verir və ilk baxışdan süd vəzi infeksiyasını xatırlada bilər. Xəstələrdə adətən süd vəzinin palpasiyasında ağrılı bağ müəyyən edilir. Həmin bağ trombozlaşmış vena olur və çox zaman mammoqrafiya və ya US müayinəsində genişlənmiş süd vəzi axarı ilə səhv salına bilər. Trombozlaşmış səthi süd vəzi venası döş qəfəsi divarı, epiqastrium və ya qoltuqaltı zonayadək uzana bilər. Mondor xəstəliyi adətən travma, cərrahiyyə və süd vəzinin biopsiyasından sonra baş verir. Xəstəlik 4-6 həftə ərzində spontan aradan qalxır və əsasən analgetiklərlə simptomatik müalicə kifayət edir.
Mərkəzi periduktal iltihab xəstəliyi. Süd vəzi mərkəzinin infeksiyası periareolar iltihab, məmə dairəciyialtı abses və periareolar fistulanın formalaşmasına səbəb ola bilər. Periduktal axarların zədələnməsi və davam edən xroniki iltihabla yanaşı periduktal toxumaların çapıqlanması nəticəsində fibrozun əmələ gəlməsi məməciyin retraksiyasına və ya süd vəzi daxilinə invaginasiyasına (batmasına) səbəb olur.

- Süd vəzinin iltihablı xərçəngi infeksiya ilə səhv salına bilər. İltihablı xərçəngi olan xəstələrdə süd vəzinin müayinəsində dərinin qalınlaşması, eritema və "apelsin qabığı"na oxşarlığı, habelə qoltuqaltı limfadenopatiya müəyyən edilir.
- Komedo duktal karsinoma in situ törəməsinin infeksiyalaşması mümkündür. Bu törəmənin infeksiyalaşması baş verdikdə törəmə ətrafında iltihab (mastit) və ya abses əlamətləri və simptomları müşahidə edilə bilər.
- İrəliləmiş və ya lokal yayılmış süd vəzi xərçəngində dərinin xoralaşması və ikincili infeksiyalaşması baş verə bilər. Səthi xoralaşmış xərçənglərdə nekrotik toxumanın infeksiyalaşması nəticəsində pis qoxu müəyyən edilir. Bu cür hallarda effektiv müalicə nekrotik toxuma da daxil olmaqla törəmənin rezeksiyası və adyuvant kimya terapiyası, hormonal terapiya və/və ya şüa terapiyasından ibarət olur. Nekrotik toxumada inkişaf edən anaerob mikroblar səbəbindən pis qoxunun qarşısını almaq üçün metronidazol gel istifadə edilə bilər.
SÜD VƏZİ DƏRİSİNİN DİGƏR PATOLOGİYALARI.
Ekzema. Ekzeması olan xəstələrdə süd vəzi dərisinin ikincili selluliti inkişaf edə bilər. Ekzemanın düzgün müalicəsi təkrar sellulitin qarşısını almağa yardımçı olur.
Epidermoid sistlər. Epidermoid sistlər və ya epidermal sistlər süd vəzi dərisində düyünlər kimi müşahidə edilir və bir çox hallarda piy sistləri ilə səhv salınır. Epidermal sistlərin infeksiyalaşması, lokal absesin formalaşması baş verdikdə, onların cərrahi yolla açılması və drenajı tələb oluna bilər.
Hidradenit (irinli hidradenit, hidradenitis suppurativa). Hidradenit əsasən apokrin tər vəzləri olan sahələrdə (qoltuqaltı, süd vəzləri, qasıq zonalarını və s.) müşahidə edilir. Apokrin tər vəzlərinin infeksiyalaşması və absesin formalaşması baş verə bilər. Süd vəzində hidradetin süd vəzinin aşağı hissəsində və həmçinin qoltuqaltında müşahidə edilir.
İntertriqo. İntertriqo dəri büküşlərində dərinin iltihabıdır. İntertriqo əsasən dəri büküşlərində nəmlik və maserasiya (dərinin zədələnməsi) səbəbindən baş verir. Böyük süd vəzləri olan qadınlarda intertriqo tez-tez müşahidə edilir. Buna səbəb süd vəzi dərisinin döş qəfəsi divarına sürtünməsidir.
İntertriqonun müalicəsi əsasən intetriqonun baş verdiyi yerlərin quru və təmiz saxlanmasından ibarətdir. Həmin sahələrdə dəri gündə iki dəfə adi sabunla ehtiyyatla yuyulmalı və ya hipoallergik salfetlərlə təmizlənməlidir. İntertriqonun profilaktikası məqsədilə xəstələrə tövsiyə olunmalıdır ki, süd vəzi ilə döş qəfəsi divarı arasında pampıq qoysunlar və/və ya xüsusi quruducu lokal tozlardan istifadə etsinlər. İntertriqo hallarında göbələk əleyhinə və steroid preparatların istifadəsi tövsiyə olunmur.
Pirsinq və ya kosmetik məqsədlərlə süd vəzi dərisinin deşilməsi. Məməciyin deşilməsi və məməciyə xüsusi halqaların taxılması nəticəsində subareolar (məmə dairəcəyi altı) abses və təkrar məməcik infeksiyaları müşahidə edilə bilər.
Pilonidal sinus və ya pilonidal sist. Süd vəzi məməciyinin pilonidal sisti bərbərlərdə və xırda malqaraya qulluq göstərən şəxslərdə müşahidə edilib. Bərbərlərdə, məsələn, kəsilmiş saçın kiçik hissələrinin iti ucları məməciyə batıb, iltihab və infeksiyaya səbəb olur. Bunun qarşısını almaq üçün xüsusi sıx tikişli paltar geyinmək tövsiyə olunur.
ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR:
- Müvafiq qaydada mammoqrafiyanın aparılması süd vəzi xərçəngi səbəbindən mortaliteni 20-30%-dək azaldır və süd vəzi xərçəngi olan xəstələrdə süd vəzi toxumasının saxlanması (mastektomiya ilə müqayisədə) cərrahiyyəsinin aparılması ehtimalını artırmış olur.
- Süd vəzinin palpasiya olunan və palpasiya olunmayan törəmələrinin diaqnostikasında iynə biopsiyasına üstünlük verilir. Mammoqrafiyada və ya kliniki müayinədə bədxassəli törəmənin olmasına şübhə yüksək olduqda, lakin iynə biopsiyasının nəticələri neqativ olduqda, həmin xəstələrdə cərrahi biopsiyanın aparılması tələb olunur.
- Məməcikdən patoloji drenajın ən geniş yayılmış səbəblərinə solitar papilloma (60%) və ya axarın hiperplaziyası (15-20%) və daha az hallarda duktal karsinoma in situ (5-20%) aid edilir.
- Əgər süd vəzi sistinin aspirasiyasında qan olmayan maye əldə olunursa və sist-kütlə yox çıxırsa, bu halda əlavə müalicəyə ehtiyac görülmür. Lakin, əgər sistin aspirasiyasında qanlı maye əldə olunursa və ya palpasiya olunan törəmə tam olaraq aradan qalxmırsa və ya həmin sist bir neçə dəfə təkrar baş verirsə, bu halda bədxassəli prosesin istisna edilməsi üçün biopsiyanın aparılması tələb olunur.
- Süd vəzində müəyyən edilən kütlənin sist olub olmadığı mütləq şəkildə US müayinəsi və ya sistin aspirasiyası ilə təyin edilməlidir.
- Süd vəzi xərçəngi olan qadınların 5-10%-də BRCA1 və BRCA2 genlərinin mutasiyaları müşahidə edilir. 40 yaşdan əvvəl süd vəzi xərçəngi ilə diaqnoz olunmuş, süd vəzi xərçəngi ilə yanaşı yumurtalığın xərçəngi olan, iki tərəfli süd vəzi xərçəngi olan qadınlarda və ya ailə üzvləri arasında kişi süd vəzi xərçəngi olan və ya ailə üzvlərinin 2 və daha çox üzvündə süd vəzi xərçəngi olan qadınlarda BRCA1 və BRCA2 genlərinin mutasiyası ehtimalı nəzərdən keçirilməlidir.
- Yüksək risk qrupuna aid olan pre- və post-menopauzada olan qadınlarda tamoksifenin 5 il müddətində istifadəsi invaziv və qeyri-invaziv süd vəzi xərçəngi riskini 50% azaltmış olur.
- Post-menopauzada olan qadınlarda raloksifenin 5 il ərzində istifadəsi eyni effektə malikdir, lakin daha az yan təsirlərlə müşahidə edilir.
- İnvaziv süd vəzi xərçənginin mastektomiya ilə müalicəsini yalnız xərçəngli kütlənin rezeksiyası üstəgəl şüa terapiyası ilə müalicəsi ilə müqayisə etdikdə xəstələrin sağ qalmasında fərq müəyyən edilməmişdir. Süd vəzi xərçəngingə süd vəzi toxumasının saxlanması cərrahiyyəsinin həyata keçirilməsi üçün 3 şərt təmin edilməlidir: a) törəmə kütləsinin ölçüsünün azaldılması və onun şüa terapiyası ilə tənzimlənməsinin mümkün olması; b) şüa terapiyasının aparılmasının mümkün olması, c) törəmənin təkrar inkişafının (residivinin) erkən müəyyən edilməsi.
- Süd vəzi xərçənginin süd vəzi toxumasının saxlanması ilə cərrahi müalicəsindən sonra şüa terapiyasının istifadəsi nəticəsində törəmənin təkrar residivi ehtimalı 75%-dək azalmış olur.
- T3 və T4 mərhələsində olan süd vəzi xərçəngi, habelə regional limfa düyünlərinə metastaz etmiş (N2 və ya N3) xərçəng və həmçinin süd vəzinin iltihablı xərçəngi mütləq adyuvant kimya terapiyası, cərrahi müdaxilə və adyuvant postoperativ şüa terapiyası ilə müalicə olunmalıdır.