Xəstəlik tarixçəsi.
20 yaşında olan Azərbaycanlı cavan oğlanda uzun müddət davam edən bel ağrısı ilə bağlı təyin edilmiş diaqnostik müayinədə sağ adrenal vəzdə 2 sm ölçüdə törəmə aşkar edilir. Sol adrenal vəz isə normaldır.
Növbəti addım nədən ibarət olmalıdır:
A. Radioloji görüntüləməni 6 aydan sonra təkrar etmək.
B. 24 saatlıq sidikdə katexolaminlərin təyini
C. KT nəzarəti altında törəmənin incə iynə biopsiyası
D. Yüksək dozalı deksametazon supressiyası testi
E. PLanlı şəkildə laparoskopik sağ tərəfli adrenalektomiyanın aparılması.
İZAHLI CAVAB:
Təsadüfən tapılan adrenal vəz törəmələri geniş yayılmış bir kliniki problemdir. Əksər adrenal insidentalomalar (yəni təsadüfən tapılan törəmələr) adətən abdominal radioloji görüntüləmələrdə müəyyən edilir. Çox zaman isə həmin görüntüləmə tamamilə başqa məqsədlər üçün aparılmış olur.
Yuxarıda təsvir edilmiş xəstədə endokrinoloji problemə uyğun gələn heç bir pozuntu qeydə alınmır. Guman etmək olar ki, onda tapılmış 2 sm adrenal vəz törəməsi - qeyri-funksional adrenal adenomadır. Lakin, nəzərdə saxlamaq lazımdır ki, qeyri-funksional adrenal adenomaların təxminən 10%-də birincili adrenal kortikal karsinoma ola bilər. Buna görə də həmin xəstənin davamlı müayinəsinə ehtiyac vardır.
Həmin xəstənin müayinəsi aşağıdakılardan ibarət olmalıdır:
- 24 saatlıq sidikdə katexolaminlərin təyini (o cümlədən, adrenalin, noradrenalin, metanefrin və normetanefrinlərin) və feoxromositomanın istisna edilməsi. Son zamanlar aparılan tədqiqatlardan məlumdur ki, düzgün əldə edilmiş qanda metanefrinin səviyyəsinin təyini də feoxromositomanın diaqnostikası üçün nəzərdən keçirilə bilər.
- 24 saatlıq sidikdə sərbəst kortizolun təyini ilə Kuşinq sindromunun istisna edilməsi.
- qanda potassium, aldosteron və renin səviyyələrinin təyin edilməsi ilə Hiperaldosteronizmin istisna edilməsi.
- adrenal vəzin birincili şişi (birincili adrenkortikal karsinoma) olan xəstələrdə biopsiyanın aparılması xərçəng hüceyrələrinin iynənin gedişatı boyu yayılmasına səbəb ola bilər.
- feoxromositoma ehtimalı olan xəstələrdə isə iynə aspirasiyası hipertenziv krizə səbəb ola bilər.
- İynə aspirasiyası adətən digər orqanlardan adrenal vəzə metastazın olduğu düşünülən xəstələrdə aparılır və yenə də törəmənin qeyri-funksional olduğu müəyyən edildikdən sonra.
1. 1. www.uptodate.az - Adrenal vəzin insidentalomaları və ya görüntüləmədə təsadüfən müəyyən edilən adrenal vəz törəmələri.
2. Brunt LM, Moley JF: Adrenal incidentaloma. World J Surg 2001; 25:905-913