GİRİŞ.
Epilepsiyası olan xəstələrin müalicəsi 3 əsas məqsədə hədəflənir: qıcolmaların kontrol edilməsi, müalicənin yan təsirlərinin profilaktikası və azaldılması və nəhayət həyat keyfiyyətinin bərpası və təmin edilməsi. Epilepsiyası olan xəstələrin müalicəsi xəstədə baş verən epilepsiyanın dəqiq tipi, qıcolmaların baş vermə tezliyi və ağırlıq dərəcəsi, istifadə edilən dərmanların yan təsirləri barədə məlumatlılıq və xəstəliklə bağlı psixo-sosial problemlərin qiymətləndirilməsindən irəli gəlir. Epilepsiyaya qarşı istifadə edilən dərman preparatlarının təsiri, farmakokinetikası, dərmnalar arasında qarşılıqlı təsir və yan təsirləri barədə dolğun məlumata malik olma xüsusi əhəmiyyət kəsb edir.
Epilepsiyası olan xəstənin nevropatoloqa yönləndirilməsi məqsədə müvafiqdir. Eyni zamanda terapevt və ya ailə həkimi tərəfindən müalicə olunan lakin qıcolmaları təkrarlanan xəstələrin də nevropatoloqa yönləndirilməsi nəzərdən keçirilməlidir.
TƏSNİFAT.
Epilepsiyanın müalicəsinin aparılması məqsədilə ilk addım xəstədə baş verən qıcolmaların tipinin müəyyən edilməsidir. Bu məqsədlə Epilepsiyaya qarşı Beynəlxalq Liqanın təklif etdiyi təsnifat sistemindən istifadə etmək tövsiyə edilir. Qıcolmaların tipi və epileptik sindromlar əsas olaraq xəstəliyin klinikası, laborator nəticələr, neyrofizioloji və radioloji müayinələr əsasında klassifikasiya olunur. Qıcolmanın tipi anti-epileptik preparatın seçiminə təsir etmiş olur. Epileptik sindromun düzgün təsnifatı üçün xəstədən dolğun anamnezin toplanması və qıcolmaların şahidi olan şəxslərdən məlumatın əldə olunması tələb olunur.
Epilepsiya və qıcolmaların müxtəlif tipləri barədə xəstələrə izahlı məlumat verildikdən sonra xəstələr öz qıcolmalarını daha asan və düzgün təsvir edə bilir. Nəzərə almaq lazımdır ki, bəzi xəstələr bir neçə müxtəlif qıcolma keçirmiş ola bilər (məs., kompleks parsial və ikincili generalizə olunmuş qıcolmalar).
Xüsusi suallar verməklə qıcolmaların baş verməsinə triqqer olan ətraf mühit faktorları və ya davranışın müəyyən edilməsi zəruridir. Qıcolmalara səbəb olan bəzi triqqerlərin - yuxusuzluq, spirtli içkilərin qəbulu, stress - aradan qaldırılması və modifikasiyası ilə qıcolmaların aradan qaldırılması və ya profilaktikası mümkündür.
Qıcolmalar iki böyük kateqoriyaya bölünür: Parsial (və ya fokal) və Generalizə olunmuş qıcolmalar. Parsial qıcolmalar yalnız beyinin bir hissəsini, adətən yarımkürəciyin bir payını cəlb etmiş olur. Kompleks parsiyal qıcolmalarda (KPQ) huşun pisləşməsi müşahidə edilir. Sadə parsiyal qıcolmalarda isə xəstənin huşu dəyişməz qalır. Parsiyal qıcolmalar bəzən bir neçə saniyə ərzində tonik-klonik tutmalara keçə bilər. Bu halda qıcolmalara ikincili generalizə olunmuş qıcolmalar adlanır.
- Parsial qıcolmalar. Sadə Parsial Qıcolmalar müxtəlif variantda baş verə bilər. Adətən sadə parsial qıcolmalar ətrafdakılara görünən komponentdən (məs., yuxarı və ya aşağı ətrafın qəfl hərəkətindən) və yalnız xəstənin hiss etdiyi komponentdən (məs., epiqastrik diskomfort, qorxu, pis qoxu hissiyatı) ibarət olur. Bu cür subyektiv hissiyata aura deyilir. Sadə parsial qıcolmalar (SPQ) kompleks parsial qıcolmalarla əvəzlənə bilər və bu halda xəstədə huşun dumanlanması, baxışın bir nöqtəyə fiksə edilməsi, həmçinin udma, çeynəmə və ya dodaqların yalanması kimi təkrarlanan motor hərəkətlər (avtomatizmlər) müşahidə edilir. Kompleks parsial qıcolmalardan (KPQ) sonra xəstələr bir çox hallarda keyləşmə, halsızlıq və döyüntü kimi baş ağrısından şikayətlənir. Tutma zamanı baş verənlər xəstələrin yadında qalmır və buna görə də qıcolma haqda xəstələrə məlumat verdikdə, xəstələr buna inanmaqda çətinlik çəkir. Faktiki olaraq isə xəstələrin bir çoxunda keçirdikləri qıcolmaların əksəriyyətinə dair məlumatsızlıq olur.
- Generalizə olunmuş qıcolmalar. Generalizə olunmuş qıcolmalarda elektroensefaloqrafik və kliniki dəyişikliklərin təhlili göstərir ki, bu tip qıcolmalarda beyin yarımkürəciklərinin ikisi də prosesə cəlb olunmuş olur. Demək olar ki, qısa müddətli mioklonik qıcolmalar istisna olmaqla, bütün digər qıcolma hallarında xəstələrdə huşun pozulması müşahidə edilir. Generalizə olunmuş qıcolmalara tonik-klonik tutmalar (qrand-mal), absans tutmalar (petit mal) və mioklonik qıcolmalar daxil edilir.
ANTİEPİLEPTİK DƏRMAN TERAPİYASI (AET və ya AED).
Antiepileptik dərmanlarla terapiyaya nə zaman başlamaq. Bir dəfə və ya məlum faktorların təsiri səbəbindən baş vermiş ilk qıcolmadan sonra antiepileptik terapiyanın dərhal başlanması tələb olunmur. AET əsasən təkrar qıcolmaların baş verməsi riski yüksək olan xəstələrdə başlanmalıdır. Hər hansı məlum səbəb olmadan (travma, beyin neoplaziyası, elektrolit balansının pozulması və s.) iki və daha çox qıcolma epizodu keçirmiş xəstələrdə AET-nin başlanması nəzərdən keçirilir. Belə ki, qıcolmaların təkrarlanması xəstələrdə davamlı təkrar qıcolmaların baş verməsi riskinin 50%-dan yüksək olduğunu göstərir. AET heç də həmişə ömür boyu aparılmır.
AET-nın seçilməsi. Ümumiyyətlə, ilk dəfə epilepsiya diaqnozu qoyulmuş xəstələrin 50%-i ilk antiepileptik dərmanın qəbulu ilə tam qıcolmadan azad olunmuş olur. AET üçün müvafiq preparatın seçimində onun effektivliyi ilə yanaşı malik olduğu yan təsirləri də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dərmanın effektivliyi ilə yanaşı onun xəstə tərəfindən fasiləsiz qəbulunun təmin edilməsi məhz yan təsirlərinin xəstəyə təsirindən və xəstənin bu təsirlərə tolerantlığından asılıdır. Müalicənin aparılması üçün AET-nin seçimi hər bir xəstənin ehtiyaclarına uyğun aparılmalı və aşağıdakı meyarlar nəzərə alınmalıdır:
- müvafiq qıcolma tipi və ya tiplərinə qarşı dərmanın effektivliyi
- dərmanın potensial yan təsirləri
- digər preparatlarla qarşılıqlı əlaqəsi və təsiri
- yanaşı xəstəliklər, o cümlədən, qaraciyər və böyrək xəstəlikləri
- yaş və cins, o cümlədən, hamiləlik planları
- həyat tərzi və xəstənin istəkləri
- dərmanların qiyməti.
Ümumiyyətlə, fermentlər tərəfindən aktivləşdirilən anti-epileptik preparatlar (məs., fenitoin, karbamazepin, fenobarbital, primidone, oksakarbamazepin, topiramat) varfarin və oral kontraseptiv preparatlarla, habelə bir çox antibiotiklər və xərçəng əleyhinə dərmanlarla sıx qarşılıqlı təsirə malik olduğundan, onların istifadəsi bir sıra problemlərlə bağlı olur.
AET-nın dəyişdirilməsi. Epilepsiya yeni diaqnoz kimi qoyulmuş xəstələrin yarısında qıcolmaların kontrolu birinci dəfə yazılmış anti-epileptik preparatla mümkün olur. Lakin, bir çox xəstədə müalicə uğursuz olur və buna səbəb ya xəstə tərəfindən preparata olan tolerantlığın azalması, ya da təkrar qıcolmanın baş verməsi olur. İlk antiepileptik preparatla qıcolmaları kontrol olunmayan xəstələrin əksəriyyətində həmin preparatı dayandıraraq əvəzində yeni preparatın başlanması ilə qıcolmaları kontrol etmək mümkün olur. Bütün hallarda yeni anti-epileptik preparat seçildikdə yuxarıda təsvir edilmiş meyarlar bir daha nəzərə alınmalıdır. Həmçinin seçilən preparatın xəstənin keçirdiyi qıcolmalara qarşı effektivliyi təsdiq olunmuş olmalıdır. Eyni zamanda həkim tərəfindən növbəti dəfə preparat seçilərkən başqa təsir mexanizminə malik olan preparat seçilə bilər.
Qeyd edilməlidir ki, xəstənin qəbul etdiyi əvvəlki preparatın dayandırılması adətən yeni preparatın dozası terapevtik dozaya çatandan sonra təmin edilir. Buna səbəb isə yeni preparatın işləməyə başlamasınadək xəstənin əvvəl qəbul etdiyi anti-epileptik preparat dayandırılarsa, həmin xəstədə təkrar qıcolmaların baş verməsi riski artmış olur. Yeni preparatın terapevtik dozayadək çatdırılması tədricən aparılır və dozanın artırılmasında xəstədə hər hansı yan təsirlərin olub olmadığı müşahidə edilir. Bəzi xəstələrdə əvvəlki və yeni preparatın qısa müddət ərzində birgə istifadəsi zamanı yan təsirlərin artması müşahidə edilə bilər. Bu cür hallarda xəstələri inandırmaq lazımdır ki, birinci preparatın qəbulu tam dayandırıldıqdan sonra yan təsirlər azalmış olacaq.
Kombinasiya olunmuş terapiya. Məlumdur ki, çoxlu dərman qəbul etməli olan xəstələr tez-tez ya bəzi dərmanların qəbulunu yaddarından çıxardır, ya da könüllü olaraq davamlı qəbul etmir. Buna görə də, mümkün olduqda xəstənin bir anti-epileptik dərmanla müalicəsinə üstünlük verilir. Bu ilk növbədə xəstənin həmin dərmanı davamlı qəbul edəcəyi ehtimalını artırır, geniş terapevtik indeksin (toksikliyin və ya təsirlərin kontrol edilməsi üçün) əldə olunmasına kömək edir və qiymət baxımından daha ucuz olur. Monoterapiya həm də daha az hallarda idiosinkraziya və teratogen effektlərlə müşahidə edilir. Anti-epileptik dərmanların kombinasiyası tətbiq edildikdə isə yuxarıdakı problemlərlə yanaşı həmin dərmanların öz aralarında qarşılıqlı təsiri də müşahidə edilir. Lakin, bir sıra araşdırmalardan məlumdur ki, epilepsiyası olan xəstələrin müalicəsinin monoterapiya və ya politerapiya ilə aparılmasında, həmin xəstələrdə dərmanların yan təsirləri arasında (məs., neyrotoksiklik) əhəmiyyətli dərəcədə fərq müşahidə edilməmişdir.
Araşdırmalar həm də göstərmişdir ki, monoterapiya ilə qıcolmaları kontrol edilməyən xəstələrdə iki preparatın kombinasiyası ilə müalicə daha az xəstədə (10-15%) effektli olur. Üç və daha çox anti-epileptik dərmanla refrakter epilepsiyanın müalicəsi isə əksər hallarda heç bir effektə malik olmur. Lakin, eyni zamanda qeyd edilməlidir ki, qıcolmaların hər hansı bir dərmanla kontrol edilməsi mümkün olmadıqda, digər dərmanların istifadəsilə sınaqlar davam etdirilə bilər. Bəzi hallarda dördüncü və ya beşinci dərmanın effektiv olduğu müşahidə edilə bilər.
Ümumiyyətlə isə elipepsiyası olan xəstələrin 80% anti-epileptik terapiya ilə qıcolmalardan azad olmuş olur.
Terapiyanın yan təsirləri. Anti-epileptik preparatların ilk 6 ay ərzində qəbulu zamanı əksər xəstələrdə sistem toksiklik və neyrotoksiklik müşahidə edilə bilər. Neyrotoksiklik hətta anti-epileptik dərmanın qanda səviyyəsi terapevtik indeks çərçivəsində olduqda da baş verə bilər. Yan təsirlərdən əziyyət çəkən xəstələrdə onların minimuma endirilməsi üçün bir sıra strategiyalar tətbiq oluna bilər. Məsələn, dərmanın ümumi gündəlik dozasını gün ərzində bölərək qəbul edilməsi yan təsirlərin azalmasına yardım edə bilər.
Bütün hallarda yan təsirlərin və toksikliyin baş verdiyi doza və dərmanın qanda səviyyəsi, habelə yan təsirlərin müşahidə edilmədiyi doza və dərmanın qanda səviyyəsi arasında əlaqə öyrənilməli və müvafiq modifikasiyaların aparılması nəzərdən keçirilməlidir.
Əgər yan təsirlərin və toksikliyin azaldılmasına ünvanlanmış mümkün strategiyalar uğursuz olarsa, həmin dərmanın dayandırılması (tədricən) və digər dərmanın seçilərək başlanmasına dair qərar qəbul edilməlidir.
Spesifik yan təsirlər. Bir sıra anti-epileptik dərmanlarda oxşar yan təsirlər müşahidə edilir və onların bir neçəsi aşağıda təsvir edilir.
- Əksər anti-epileptik preparatların qəbulunda xəstələr arasında suiqəsdə meyillik riski artmış olur. Böyük Britaniyada aparılmış tədqiqatlardan məlum olmuşdur ki, bir çox köhnə anti-epileptik dərmanların qəbulu suiqəsdə meyillik riskini artırmamış olur. Lakin, bəzi yeni preparatların (levetirasetam, topiramat, viqabatrin) qəbulu suiqəsdə meyillik riskini artırır. Bütün hallarda xəstəyə anti-epilptik preparat yazarkən, həkim tərəfindən xəstənin anamnezinə diqqət yetirilməli və depressiya, həyacan, psixi pozuntu, suiqəsdə meyillik və s. hallarının olub olmadığı öyrənilməlidir. Anti-epileptik preparatlar qəbul edən xəstələrin davamlı monitorinqi aparılmalı və suiqəsdə meyilliyin yaranması və ya depressiya halları erkən aşkar edilməlidir.
- Stivens-Cons Sindromu (SCS), Toksik epidermal nekroliz (TEN) və Eozinofiliya və sistem simptomlarla yanaşı dərman səbəbli səpgi (DRESS) - anti-epileptik dərmanların qəbulu zamanı müşahidə edilən bəzi idiosinkraziyalardandır. Bu reaksiyalar karbamazepin, okskarbazepin, fenitoin, fenobarbital, primidon, zonisamid, lamotriqin və az hallarda digər antiepileptik dərmanlarla əlaqəli baş verir. Bu reaksiyalar daha çox dərmanların qəbulunun ilk 1-2 ayı ərzində baş verir. HLA-B*1502 alleli olan xəstələrdə həmin reaksiyaların baş verməsi ehtimalı həddən artıq yüksəkdir. Bir sıra ölkələrdə fenitoin və karbamazepinlə terapiyanın başlanmasından öncə xəstələrin HLA-B*1502 allelinin olmasına görə yoxlanması aparılır. Fenitoin və karbamazepinə idiosinkratik reaksiyası olan xəstələr digər aromatik antiepileptik dərmanlara da oxşar reaksiya vermiş olur. Buna görə də, idiosinkraziyası olan xəstələrin müalicəsi sonradan qeyri-aromatik antiepileptik dərmanlarla (məs., topiramat, valproat) aparıla bilər.
- Antiepileptik dərmanlar qəbul edən xəstələrdə bir sıra vitaminlərin çatışmazlığı müşahidə edilir. Xüsusilə də, karbamazepin, qabapentin, fenitoin və primidon qəbul edən xəstələrdə folat turşusunun səviyyəsi aşağı olur. Anti-epileptik dərmanlar qəbul edən xəstələrə multivitaminlərin yazılması tövsiyə oluna bilər.
- Uzun müddət ərzində anti-epileptik preparatlar qəbul edən xəstələrdə sümüklərin itkisi müşahidə edilir.
Anti-epileptik terapiyanın tətbiqinə dair tövsiyələr. AET-nın başlanmasında aşağıdakıların nəzərə alınması tövsiyə edilir:
- Müalicə bir preparatla başlanmalıdır (monoterapiya).
- Dərmanın dozası tədricən artırılmaya doğru tənzimlənməlidir (yan təsirləri nəzərə alaraq, xəstə tərəfindən qəbul edilə biləcək maksimal dozayadək və ya qıcolmaların tam aradan qaldırılmasına nail olanadək).
- Müalicə mütamadi olaraq monitorinq olunmalıdır. Həkim müayinəsinə gəldikdə hər dəfə qıcolmaların baş verməsi, qıcolmaların sayı və dərmanların yan təsirlərinə dair detallı məlumat əldə edilməlidir.
Mütamadi həkim müayinəsi ilə yanaşı xəstədə qanın ümumi analizi aparılır, qaraciyərin funksional paneli və böyrək funksiyası da yoxlanılır. Dərmanın qanda səviyyəsi də ilk vaxtlarda həkimin qərarı ilə və ya yan təsirlər baş verdikdə yoxlana bilər. Lakin, qıcolmadan azad olmuş və/və ya stabil olan xəstələrdə antiepileptik dərmanın qanda səviyyəsi ildə bir dəfə yoxlanıla bilər.
AET alan xəstələrdə dərmanların qanda səviyyəsinin təyini aşağıdakı hallarda faydalı olur:
- xəstənin remissiyada olduğu dövrdə fərdi terapevtik konsentrasiyanın intervalını müəyyən etmək məqsədilə
- antiepileptik preparatın toksikliyinin diaqnostikası məqsədilə
- xəstə tərəfindən dərmanın davamlı qəbuluna əmin olmaq məqsədilə
- dərmanı qəbul edərkən təkrar qıcolma baş verdikdə, dərmanın qəbulu forması dəyişdirildikdə, xəstə hamilə olduqda və ya antiepileptik dərmanla qarşılıqlı əlaqəsi olan digər dərmanlar əlavə edildikdə və ya qəbulu dayandırıldıqda, dərmanın dozasına dəyişikliklərin edilməsi məqsədilə.
Xəstənin maarifləndirilməsi. Antiepileptik dərmanın qəbulundan əvvəl həkim tərəfindən xəstə və onun yaxınlarına epilepsiya, antiepileptik preparat və onun yan təsirləri və toksikliyi barədə ətraflı məlumat verməli və daim diqqət yetirilməsi tələb olunan simptom və əlamətlər barədə məlumatı onların diqqətinə çatdırmalıdır. Antiepileptik dərmanın həkimin təlimatına əsasən qəbul edilməsinin çox vacib olduğu da xəstəyə çatdırılmalıdır. Xəstələr həm də məlumatlandırılmalıdır ki, antiepileptik dərman qəbul edərkən həkimlə razılaşdırılmadan heç bir digər dərmanın, türkəçarənin istifadəsinə başlamasınlar.
Spirtli içkilərdən istifadə. Epilepsiyası yaxşı kontrol olunan xəstələrdə kiçik miqdarda spirtli içkilərdən istifadə (gündə 1 pivə və ya 50 ml çaxır) qıcolamların baş verməsi tezliyinə və ya antiepileptik dərmanın qanda səviyyəsinin dəyişməsinə təsir etməmiş ola bilər. Lakin, daha çox spirtli içkilərdən istifadə qıcolma riskini artırmış olur və xəstələrə bu barədə ciddi məlumat verilməlidir. Hətta kiçik miqdarda spirtli içkidən istifadə etmiş xəstələrə 24-48 saat ərzində avtomobil və ya digər maşın-mexanizmləri idarə etməmək tövsiyə edilməlidir.
AET davamlı qəbul edilməməsi. Araşdırmalar göstərir ki, epilepsiyası olan xəstələrin 30-50%-i antiepileptik dərmanlarını davamlı qəbul etməmiş olur. Təkrar qıcolma ilə təcili tibbi yardım müəssisəsinə gətirilmiş xəstələrin əksəriyyətində təkrar qıcolma məhz dərmanın davamlı qəbul edilməməsi səbəbindən baş verir. Antiepileptik dərmanın davamlı qəbul edilməməsinin səbəbləri müxtəlif olsa da, dərmanın yan təsirləri və ya toksikliyi, maliyyə imkanlarının olmaması və xəstənin maarifləndirmə səviyyəsinin aşağı olması əsas səbəblər sırasındadır. Ahıl xəstələr və ya beyin travması almış xəstələrdə isə yaddaşın pisləşməsi də dərmanların davamlı və təlimata uyğun qəbuluna maneə törədə bilər.
Dərmanlara rezistent epilepsiya. Epilepsiyaya qarşı Beynəlxalq Liqa tərəfindən rezistent epilepsiyanın tərifi aşağıdakı kimi verilmişdir: "iki antiepileptik dərmanın monoterapiya və ya kombinasiyada istifadəsinə baxmayaraq qıcolmaların kontrolunda uğursuzluq əldə olunduqda xəstədə rezistent epilepsiyanın olduğu nəzərdən keçirilir".
Rezistent epilepsiya diaqnozu nəzərdən keçirildikdə aşağıdakı addımların atılması tələb olunur:
- tutmaların doğrudan da qıcolma olduğunu təsdiq etmək, habelə epilepsiyanın tipinin dəqiq müəyyən edilməsi məqsədilə Video-EEQ-nın aparılması.
- xüsusilə də, başqa mexanizmlə təsir göstərən preparatların sınaqdan keçirilməsi və ya
- epilepsiyanın müalicəsi üçün cərrahi müdaxilənin nəzərdən keçirilməsi və ya
- vaqus sinirinin stimulyasiyasının nəzərdən keçirilməsi və ya
- ketogen və ya modifikasiya olunmuş Atkins pəhrizinin nəzərdən keçirilməsi.
Bütün hallarda tövsiyə edilir ki, 12 ay müddətində qıcolmaları (epilepsiyası) kontrol edilməyən xəstələr ixtisaslaşmış Epilepsiya Mərkəzlərinə yönləndirilməlidir.
XÜSUSİ XƏSTƏ QRUPLARINDA EPİLEPSİYANIN MÜALİCƏSİ.
Hamilə xəstələr. Antiepileptik preparatlar qəbul edən hamilə xəstələrdə foli turşusunun səviyyəsi yaxından monitorinq edilməlidir. Valproat və ya karbamazepin qəbul edən xəstələrə isə hamiləliyin planlaşdırılmasından 3 ay öncə başlamaqla ən azı 3 ay ərzində gündə 4 mq olmaqla əlavə foli turşusu verilməlidir. Digər antiepileptik preparatlar qəbul edən xəstələr isə gündə standart dozada foli turşusu qəbul edə bilər.
Ümumiyyətlə, epilepsiyası olan xəstələrdə hamiləlik əvvəlcədən planlaşdırılmalı və bu xəstələrin bütöv hamiləlik dövründə yaxından monitorinqi aparılmalıdır.
Oral kontraseptivlər. Anti-epileptik dərmanlarla yanaşı oral kontraseptiv preparatlar qəbul edən xanımlara bu iki dərmanlar qrupu arasında qarşılıqlı əlaqə barədə detallı məlumat verilməlidir. Belə ki, antiepileptik dərman qəbul edən xanımlarda hamiləliyin qarşısının alınmasında oral kontraseptivlərin uğursuzluğu 4 dəfə artmış olur. Buna səbəb isə oral kontraseptivlər metabolizmini artıran qaraciyər fermentlərinin aktivliyinin antiepileptik preparatlar tərəfindən stimullaşdırılmasıdır.
Ümumdünya Səhiyyə Təşkilatı isə tövsiyə edir ki, antiepileptik dərmanlar qəbul edən və hamilə olmaq istəməyən xanımlar oral kontraseptivlərlə yanaşı əlavə kontrasepsiya metodundan istifadə etsin. Eyni zamanda bəzi həkimlər tövsiyə edir ki, antiepileptik dərmanlar qəbul edən xanımlar ən azı 50 mkq estrogen komponenti olan oral kontraseptivlər qəbul etsin.
Beyin işemik və ya hemorraqik insultundan sonra qıcolmalar. Beyinin işemik və ya hemorraqik insultundan sonra qıcolmalar və epilepsiya halları çox geniş yayılmışdır. Araşdırmalardan məlumdur ki, yarımkürəciklərin insultundan sonra qıcolmalar 9% hallarda müşahidə edilir. Guman edilir ki, insultdan 24 saat sonra qıcolmaların baş verməsi səbəbi beyinin işemik zədələnməsindən sonra yüksək miqdarda neyrotransmitterlərin ifrazıdır. İnsultdan xeyli müddət sonra baş verən qıcolmaların səbəbi isə insult nəticəsində beyinin ömürlük zədələnməsi və neyronların lokal oyanıqlığının dəyişməsidir. Buna görə də, insultdan sonra gec müşahidə edilən qıcolmaları olan xəstələrdə xronik epilepsiya riski daha yüksək olur.
İnsultdan sonra baş verən qıcolmaların davamlı müalicəsi və təkrar qıcolmaların profilaktikasının aparılması məsələsi mübahisəlidir. İnsultdan sonra baş verən qıcolmaların müalicəsində qabapentin, lamotrigin və karbamazepin uğurla istifadə edilir.
ANTİEPİLEPTİK TERAPİYANIN DAYANDIRILMASI.
AET qəbul edən xəstələrdə 2-4 il qıcolmadan azad müddət keçdikdən sonra antiepileptik dərmanların qəbulunun dayandırılması nəzərdən keçirilə bilər. Lakin, buna dair qərar qəbul edilərkən təkrar qıcolmanın baş verməsi riski ilə dərmanın dayandırılması nəticəsində əldə ediləcək fayda müqayisə edilməlidir. Bütün hallarda orqanik beyin patologiyası olan xəstələrdə və həmçinin qıcolmaların baş verməsinə səbəb olan triqqerlərdən azad olmayan xəstələrdə antiepileptik preparatların dayandırılması tövsiyə edilməməlidir.
Bəzi xəstələrdə AET-nın dayandırılması aşağıdakı hallarda nəzərdən keçirilə bilər:
- dərmanın yan təsirləri,
- dərmanların əqli funksiya və davranış tərzinə təsiri,
- yeni antiepileptik dərmanlar bahalıdır və onlarn dayandırılması xəstənin maliyyə vəziyyətinə müsbət təsir göstərə bilər
- hamiləlik və ya digər yanaşı xəstəlik.
Qıcolmaların təkrarlanmasına təsir edən risk faktorlar. Antiepileptik dərmanların dayandırılmasından sonra qıcolmaların təkrar baş verməsi aşağıdakı risk faktorlarla əlaqəli olur:
- beyin xəstəliyi (məs., beyin törəməsi, anadangəlmə malformasiya, ensefalomalasiya)
- əqli geriləmə
- qeyri-normal nevroloji müayinə
- qıcolmanın ilk dəfə 10 yaşdan sonra baş verməsi
- xəstədə qıcolmaların bir neçə tipinin müşahidə edilməsi
- ilkin terapiya ilə qıcolmaların kontrol edilməsində çətinliklər
- antiepileptik terapiyanın dayandırılması zamanı xəstənin müştərək terapiya alması (iki antiepileptik dərmanın birgə qəbulu)
- EEQ-də epileptiform dəyişikliklər
- nəsildə epilepsiyanın olması
- MRT-də hippokampusda qeyri-normal siqnal
Bu risk faktorlara malik olan xəstələrdə antiepileptik terapiyanın dayandırılması tövsiyə edilmir. Lakin, gərə terapiyanın dayandırılması nəzərdən keçirilərsə, təkrar qıcolmaların baş verməsi riski barədə xəstələrə məlumat verilməlidir. Bütün hallarda nəzərə alınmalıdır ki, hətta yuxarıdaki risk faktorları olmayan xəstələrdə AET-nın dayandırılmasından sonra yenidən qıcolmanın baş verməsi riski 20-25%-dir.
AET-nın dayandırılması metodikası. AET-nın dayandırılması tədricən aparılmalıdır. Antiepileptik preparatın qəfl dayandırılması təkrar qıcolma riskini xeyli artırmış olur. İki və daha çox antiepileptik dərman qəbul edən xəstələrdə isə hər preparat bir birinin ardınca tədricən dayandırılmalıdır (yəni bir preparatın tədricən dayandırılması tamamlandıqdan sonra, ikinci preparatın dayandırılması prosesi yenə də tədricən aparılmalıdır).