Böyüklərdə kəskin miqren başağrısının müalicəsi: yanaşma və farmakoterapiya

GİRİŞ.

Miqren çox geniş yayılmış epizodik baş verən xəstəlikdir. Onun əsasını kəskin baş verən və xəstənin gündəlik həyatına mənfi təsir göstərən baş arğısı təşkil edir. Miqren başağrısı adətən ürək bulanması və/və ya işığa və səsə həssaslığın güclənməsi ilə müşaiyət olunur. Burada miqrenin kəskin epizodunun müalicəsi təsvir ediləcəkdir. Miqrenin profilaktikası isə başqa məqalələrdə izah ediləcəkdir.

Miqrenin diaqnostikası, klinikası və patofiziologiyasına dair daha ətraflı məlumat əldə etmək üçün www.uptodate.az tibbi məlumat portalının müvafiq məqaləsinə {Miqren baş ağrısı: patofiziologiya, klinika və diaqnostika} istinad edin.

 

MÜALİCƏYƏ YANAŞMA.

Miqrenin simptomatik terapiyası (yəni miqren epizodunun aradan qaldırılmasına yönəlik terapiya) sadə analgetiklərin (məs., QSİƏP və ya asetaminofen) istifadəsindən tutmuş daha spesifik preparatların (məs., triptanlar, qusma əleyhinə preparatlar və ya daha az hallarda istifadə edilən dihidroerqotamin) tətbiqindən ibarət olur. Miqren başağrısının simptomatik terapiyasının uğurlu olması üçün onun başağrısının başlanmasından sonra mümkün qədər erkən tətbiqi tələb olunur. Tədqiqatlar göstərib ki, seçilmiş preparatın kiçik dozalarda tez-tez verilməsindənsə, bir dəfəlik yüksək dozada verilməsi daha effektivdir. Bir çox per oral preparatların effektivliyi onların mədə-bağırsaq sistemindən pis sovrulması səbəbindən çox aşağı olur. Maraqlıdır ki, həmin preparatların pis sovrulması qismən də olsa miqren səbəbindən mədədə əmələ gələn stazla bağlıdır.

Kəskin miqren epizodunun müalicəsinə dair aşağıdakı ümumi tövsiyələr vardır:

  • Miqrendən əziyyət çəkən xəstələrə miqren və onun müalicəsi barədə ətraflı məlumatın verilməsi tövsiyə edilir.
  • Ağır miqreni olan və/və ya QSİƏP-lar və ya digər kombinə olunmuş analgetiklərə cavabsız qalan xəstələrin müalicəsində miqrenə qarşı effektivliyi təsdiq edilmiş spesifik preparatların (məs., triptanlar, dehidroerqotamin) istifadəsi tövsiyə edilir.
  • Əhəmiyyətli dərəcədə ürək bulanması və ya qusması olan miqrenli xəstələrin müalicəsində farmakoloji preparatların əzələdaxili və ya venadaxili yeridilməsinə üstünlük verilməlidir.
  • Başağrısı epizodları tez-tez olan xəstələrdə profilaktik preparatların istifadəsinə üstünlük verilməlidir.
Ağır miqren epizodundan əziyyət çəkən xəstələrin miqren əleyhinə spesifik preparatlarla erkən müalicəsinin təmin edilməsi daha effektivdir. Ümumiyyətlə, miqren epizodunun farmakoterapiyası aşağıdakı faktorlardan asılıdır - miqren epizodunun ağırlıq dərəcəsi, ürək bulanma və qusmanın olub olmaması, xəstənin ambulator və ya xəstəxana şəraitində müalicəsi və xəstənin fərdi risk faktorları (damar xəstəliyi, spesifik dərmana verdiyi üstünlük).

 

Mülayim və orta dərəcəli miqren epizodu.
Ağır dərəcəli ürək bulanması və ya qusma ilə müşaiyət olunmayan mülayim və ya orta ağırlıq dərəcəsi olan miqren epizodlarının müalicəsində ilkin seçim kimi üstünlük sadə analgetiklər (məs., QSİƏP, asetaminofen) və ya kombinə olunmuş analgetiklərin istifadəsinə verilməlidir. Belə ki, bu preparatlar effektivdir, ucuzdur və miqren əleyhinə spesifik preparatlarla müqayisədə (triptanlar, dehidroerqotamin) yan təsirləri daha azdır. Lakin, mülayim və orta ağırlıq dərəcəli miqren epizodları ürək bulanma və qusma ilə müşaiyət olunduqda, sadə və ya kombinə olunmuş analgetiklərlə yanaşı oral və ya rektal yolla verilən qusma əleyhinə preparatların istifadəsi tövsiyə edilir.

 

Orta və ağır dərəcəli miqren epizodu.
Ürək bulanması və qusma ilə müşaiyət olunmayan orta və ağır dərəcəli miqren epizodlarının müalicəsində oral miqren əleyhinə spesifik preparatların istifadəsinə üstünlük verilir. Bunların sırasından oral triptanlar və sumatriptan-naproksen kombinasiyası geniş istifadə edilir. Ağır dərəcli ürək bulanması və qusma ilə müşaiyət olunan ağır dərəcəli miqren epizodunun müalicəsində üstünlük dərialtı, nazal və ya venadaxili yeridilən miqren əleyhinə spesifik preparatlara verilməlidir. Bunların sırasında aşağıdakı preparatlar geniş istifadə edilir: dərialtı sumatriptan, nazal sumatriptan və zolmitriptan, İV qusma əleyhinə preparatlar (metoklopramid, ondansetron) və parenteral dehidroerqotamin.

 

Dəyişkən epizodlar.
Miqreni olan xəstələrin bir çoxunda miqren epizodları ağırlıq dərəcəsi, başlama vaxtı və ürək bulanması və qusma ilə müşaiyət olunması ilə fərqlənir. Bu xəstələrdə kəskin baş verən miqren epizodlarının aradan qaldırılması üçün epizodların ağırlıq dərəcəsindən asılı olaraq ya per oral analgetiklər, ya da digər yollarla yeridilən preparatlar istifadə edilməlidir. Ümumiyyətlə, miqreni olan xəstələrə yanlarında miqren epizodunu dayandıra biləcək müvafiq preparatlar (məs., aspirin 800 mq, dərialtı triptan, nasal triptan) saxlamalıdır.

 

Təxirəsalınmaz hallar.
Təcili tibbi yardım xəstəxanasına kəskin miqren epizodu ilə müraciət edən xəstələrdə adətən başağrısı ağır dərəcəli olur və digər hallarda onlara kömək edən preparatlar bu cür epizodlarda fayda vermir. Təcili tibbi yardım xəstəxanasında miqren epizodunun müalicəsi digər az təcili hallarda aparılan terapiyadan çox da fərqlənmir. Lakin, təcili tibbi yardım xəstəxanasında parenteral yolla yeridilən preparatlar daha əlçatan olur. Aşağıdakı preparatların effektivliyi bir çox randomizə olunmuş tədqiqatlarda sübuta yetirilmişdir və geniş tətbiq edilir:
  • Sumatriptan 6 mq dərialtı inyeksiya.
  • Qusma əleyhinə preparatlar/Dofamin reseptorlarının blokatorları:
    • Metoklopramid 10 mq IV
    • Proxlorperazin 10 mq IV və ya İM (əzələdaxili)
    • Xlorpromazin 0.1-1.0 mq/kq İV
    • Droperidol 2.5 mq İV və ya 2.75 mq İM
  • Dihidroerqotamin (1 mq İV) + metoklopramid (10 mq İV)
  • Ketorolak 30 mq İV və ya 60 mq İM.
Xəstəxananın təcili tibbi yardım şöbəsinə gələn ağır miqreni olan xəstənin müalicəsinin (xüsusilə də, ürək bulanması və qusma ilə müşaiyət olunan hallarda) ilkin olaraq dərialtı sumatriptanla və ya yuxarıda verilmiş dozalarda parenteral qusma əleyhinə preparatla (məs., metoklopramid, proxlorperazin və ya xlorpromazin) aparılması tövsiyə edilir. Miqreni olan xəstələrə parenteral qusma əleyhinə preparat verdikdə, akatiziya və digər distonik reaksiyaların profilaktikası üçün onunla yanaşı difenhidraminin (12.5-20 mq İV hər bir saatdan bir maksimum iki dəfə) verilməsi tövsiyə edilir. Daha aqressiv alternativ seçim kimi, kliniki tədqiqatın birində yüksək dozada metoklopramid (20 mq İV hər 30 dəqiqədən bir, maksimum dörd doza) və difenhidraminin verilməsi effektiv olmuşdur.

 

Dihidroerqotamin (DHE 45) 1 mq İV ilə metoklopramid 10 mq İV kombinasiyası da ağır dərəcəli davamlı miqrenin müalicəsində istifadə edilə bilər. Parenteral DHE 45 preparatı monoterapiya kimi istifadə edilməməlidir. İşemik damar xəstəliyi, ürək xəstəliyi, serebrovaskulyar və ya periferik damar xəstəliyi DHE 45 preparatının istifadəsinə əksgöstərişdir.
Təcili tibbi yardım xəstəxanasında miqrenin aradan qaldırılması üçün istifadə edilən preparatlarla yanaşı başağrısnın təkrarlanması riskini azaltmaq üçün bir çox hallarda deksametazon (10-25 mq İV və ya İM) da əlavə edilir.

 

Qeyd edilməlidir ki, miqren epizodunun müalicəsində narkotik analgetiklərin istifadəsi tövsiyə edilmir. Araşdırmalar göstərir ki, opioid (narkotik) analgetiklərlə müalicə olunan xəstələrin böyük əksəriyyəti növbəti yeddi gün ərzində təkrar başağrısı ilə xəstəxanaya qayıdır. Xatırladaq ki, miqren və ya digər xroniki başağrısı sindromundan əziyyət çəkən xəstələrdə müxtəlif dərman preparatlarından artıq istifadə ciddi problemdir. Bu xəstələrdə analgetiklərin təsiri keçib getdikdən sonra təkrar başağrısı halları əmələ gəlir. Daha çox təkrar başağrıları opioidlərin və butalbital-tərkibli kombinə olunmuş analgetiklərin və həmçinin aspirin/asetaminofen/kafein tərkibli preparatların istifadəsindən sonra müşahidə edilir. Dərman preparatlarının artıq istifadəsi səbəbindən əmələ gələn başağrısı epizodlarının profilatikası üçün kəskin hallarda istifadə edilən preparatlar (aspirin, asetaminofen və QSİƏP) ayda 10-15 gündən çox müddət ərzində istifadə edilməməlidir. Ayda daha çox müddət ərzində başağrısına qarşı farmakoterapiya tələb edən xəstələrdə başağrılarının profilaktikasında istifadə edilən preparatlara üstünlük verilməlidir.

 

SADƏ ANALGETİKLƏR.
Miqreni olan bir çox xəstələrin müalicəsi sadə analgetiklərlə effektiv olur. Bunlara aspirin, digər QSİƏP-lar və asetaminofen aiddir.

 

QSİƏP. Qeyri-steroid iltihab əleyhinə preparatların miqrenin müalicəsində effektivliyi bir çox randomizə olunmuş tədqiqatlarda öz təsdiqini tapıb. Ən geniş istifadə edilən preparatlara aşağıdakılar aiddir:
  • aspirin 650-1000 mq,
  • ibuprofen 400-1200 mq,
  • naproksen 750-1250 mq
  • diklofenak 50-100 mq
  • diklofenak epolamin 65 mq
  • tolfenamik turşusu 200 mq.
2013-cü ildə aparılmış araşdırmadan bəlli olmuşdur ki, bir sıra digər preparatlarla (məs., nazal sumatriptan; İV proxlorperazin; İV dihidroerqotaminlə metoklopramidin kombinasiyası) müqayisədə İV ketorolak (30 mq İV və ya 60 mq İM) kəskin miqren epizodunun müalicəsində daha effektivdir.
Məlumatın məhdudluğuna baxmayaraq, bir sıra kliniki tədqiqatlardan məlumdur ki, indometasin də kəskin miqrenin dayandırılmasında effektivdir. İndometasinin həm oral, həm də rektal şam formasında olması onu ürək bulanması və ya qusması olan xəstələrdə də istifadəsinə imkan verir. İndometasinin rektal şamından preparatın dozası 50 mq olur.

Asetaminofen. Bəzi xəstələrdə asetaminofen miqren epizodunun aradan qaldırılmasında effektiv ola bilər. Məsələn, xroniki miqreni olan 289 xəstədə kəskin miqren epizodunun müalicəsində 1.000 mq asetaminofenin (parasetamol, panadol) istifadəsi həm başağrısının, həm də funksional əlillik, fotofobiya və fonofobiyanın da aradan qaldırılmasında effektiv olmuşdur. Lakin, ağır dərəcəli miqreni olan və ya ağır qusması olan xəstələrdə asetaminofenin effektivliyi öyrənilməmişdir.
Asetaminofen QSİƏP-larla kombinasiyada da verilə bilər. Belə ki, asetaminofen/aspirin/kafein kombinasiyası (eksedrin) ağırlaşmamış miqrenin müalicəsində effektiv olmuşdur.

TRİPTANLAR.
Serotonin 1b/1d aqonistləri (triptanlar) miqren epizodunun kəskin müalicəsində geniş istifadə edilir və effektiv hesab olunur. Triptanlar ümumiyyətlə miqrenin müalicəsində "spesifik" terapiya hesab edilir, çünki analgetiklərdən fərqli olaraq onlar başağrısının patofizioloji mexanizminə təsir göstərir. Bütün triptanlar vazoaktiv peptidin ifrazını inqibisiya edir, damarların daralmasını (vazokonstriksiya) dəstəkləyir və beyin kötüyündə ağrı yollarını bloklaşdırır. Triptanlar trigeminal nucleus caudalis-də transmissiyanı inqibisiya edir və nəticədə ikinci növbə neyronlara daxil olan afferent impulsları bloklayır.
Preparatlar və effektivliyi. Hazırda miqren epizodlarının müalicəsində bir sıra triptan qrupuna aid preparatlar geniş istifadə edilir - sumatriptan, zolmitriptan, naratriptan, rizatriptan, almotriptan, eletriptan və frovatriptan. Sumatriptan həm dərialtı inyeksiya (adətən xəstənin özü tərəfindən bud əzələsinə inyeksiya edilir), nazal sprey və ya per oral yolla qəbul edilə bilər. Zolmitriptan da həm nazal sprey kimi, həm də per oral tabletka formasında qəbul edilə bilər. Triptan qrupuna aid digər sadalanmış preparatlar isə yalnız per oral yolla qəbul edilir.
Bir çox randomizə olunmuş tədqiqatlarda təsdiq edilmişdir ki, triptanlar kəskin miqren epizodunun müalicəsində çox effektivdir. Xüsusilə də, tədqiqatlardan aşağıdakıları qeyd etmək olar:
  • Eletriptan: əksər tədqiqatlarda kəskin miqrenin dayandırılmasında eletriptanin 20, 40 və 80 mq dozada verilməsi plasebodan daha çox effektiv olmuşdur. Hazırda, miqrenin müalicəsində eletriptan əsasən 40 mq dozada verilir. Bu preparatın istifadəsi ilə bağlə yan təsirlər müvəqqəti olmuş və preparatın qəbul heç bir ağır fəsadlarla müşaiyət olunmamışdır.
  • Naratriptan. Plasebo ilə müqayisədə bu preparatın effektivliyi üç müxtəlif randomizə olunmuş tədqiqatda təsdiqini tapıb. Bu preparat adətən 2.5 mq dozada istifadə edilir və yan təsirləri çox azdır.
  • Sumatriptan. Dərialtı, oral və intranazal sumatriptanın effektivliyi bir sıra randomizə olunmuş tədqiqatlarda öz təsdiqini tapıb. Dərialtı sumatriptan (6 mq) per oral yolla qəbul edilən sumatriptandan (100 mq) daha effektivdir. Lakin, dərialtı sumatriptanın yan təsirləri daha çox olmuşdur. Dərialtı sumatriptanın təsiri daha sürətli olmuşdur. İntranazal sumatriptan (20 mq dozada, hər iki saatdan bir iki dəfə verilə bilər) per oral sumatriptandan daha sürətli təsirə malikdir və dərialtı sumatriptanla müqayisədə yan təsirləri daha azdır. Per oral sumatriptan adətən 50 və ya 100 mq dozada verilir və kliniki tədqiqatlarda hər iki doza miqren epizodunun dayandırılmasında effektiv olmuşdur. Dərialtı sumatriptanın inyeksiyasından sonra aşağıdakı yan təsirlər müşahidə edilə bilər: döşdə ağırlıq hissi, inyeksiya yerində lokal reaksiya, zəiflik, yuxululuq, baş gicəllənmə, halsızlıq və paresteziyalar.
  • Zolmitriptan. Kliniki tədqiqatlarda zolmitriptanın 2.5 mq dozada qəbulu kəskin miqren epizodunun dayandırılmasında effektiv olmuşdur. Lakin, tələb olunduqda zolmitriptan 5 və 10 mq dozada da verilə bilər. Zolmitriptanın istifadəsi zamanı aşağıdakı yan təsirlər müşahidə edilə bilər: ürək bulanması, baş gicəllənmə, yuxululuq, paresteziyalar, halsızlıq və boğaz və döşdə sıxıntı hissi.
Triptanların seçimi. Kəskin miqreni olan xəstələrin müalicəsində serotonin aqonistlərinin seçimi fərdi qaydada müəyyən edilir. Qeyd edilməlidir ki, triptan qrupuna aid bir preparata cavab verməyən xəstələrdə triptan qrupuna aid digər preparatın verilməsi yaxşı nəticə verə bilər. Kliniki tədqiqatların nəticələrini ümumiləşdirərək kəskin miqren epizodunun dayandırılması üçün farmakoterapiya ilə bağlı aşağıdakı tövsiyələr verilə bilər:
  • rizatriptan 10 mq (Ən sürətli təsirə malik triptandır. Propranolol qəbul edən xəstələrdə rizatriptanın dozası azaldılmalıdır, çünki propranolol rizatriptanın səviyyəsini 70%-dək artırmış olur).
  • eletriptan 40-80 mq (araşdırmalarda eletriptanın verilməsi daha davamlı effektə malik olmuşdur),
  • almotriptan 2.5 mq.
  • sumatriptan, rizatriptan, eletriptan, almotriptan və zolmitriptan preparatlarının per oral qəbulu oxşar effektivliyə malikdir.
  • naratriptan və frovatriptan preparatlarının təsiri daha gec başlayır və onların effektivliyi daha aşağıdır.
  • naratriptan ən ləng təsirə malik olsa da, onun yan təsirləri də daha azdır.
Triptanların effektivliyinə təsir edən faktorlar. Tədqiqatlardan məlumdur ki, triptanların kəskin miqren epizodunun başlanmasından mümkün qədər erkən verilməsi miqrenin dayandırılmasında daha faydalı olmuşdur. Belə ki, miqrenin başlanmasından sonra ilk saat ərzində triptanla müalicəyə start verilməsi miqrenin aradan qaldırılmasında daha effektiv olmuşdur. Tədqiqatlardan o da bəlli olmuşdur ki, miqrenin ağırlıq dərəcəsi triptanların effektivliyinə təsir edir. Belə ki, ağır dərəcəli miqren başağrısının dayandırılması ilə müqayisədə, mülayim və orta ağırlıq dərəcəsi olan miqrenin aradan qaldırılması daha asandır. Guman edilir ki, ağır dərəcəli başağrısının triptan terapiyasına qarşı rezistentliyi miqren epizodu zamanı mərkəzi sensitizasiyanın inkişafı ilə bağlıdır. Mərkəzi sensitizasiyanın baş verməsi isə analgetiklərin və triptan preparatlarının təsirini azaltmış olur.
Triptanların istifadəsində məhdudiyyətlər. Miqreni olan əksər xəstələrdə triptanlar çox effektiv və təhlükəsizdir. Belə ki, tədqiqatlarda miqrenə görə triptan qrupundan olan preparatla müalicə alan xəstələrdə triptanın qəbulu ilə beyin insultu, ölüm və ya digər ürək-damar sisteminin kəskin pozuntusu ilə heç bir əlaqə müəyyən edilməmişdir. Düzdür, qeyd edilməlidir ki, həmin tədqiqatda triptan alan xəstələrin böyük əksəriyyətində beyin- və ürək-damar xəstəlikləri riski aşağı olmuşdur. Bununla yanaşı digər kiçik həcmli tədqiqatda da triptanların qəbulu ilə beyin-damar, ürək-damar və ya işemik ağırlaşmalar arasında heç bir əlaqə müəyyən edilməmişdir.
Buna baxmayaraq, bir sıra tədqiqatların nəticələrinə əsaslanaraq, irsi hemiplegik miqren, basilyar miqren, işemik insult, ürəyin işemik xəstəliyi, Prinzmetal stenokardiyası, kontrol olunmayan hipertoniya və hamiləlik zamanı triptan qrupu preparatlarının verilməsi məsləhət görülmür.
Bununla yanaşı, erqotamin almış xəstələrə triptan qrupu preparatı yalnız 24 saat keçdikdən sonra verilə bilər. Monoamin oksidazanın inqibitorları ilə müalicə alan xəstələrdə triptan qrupu preparatlarının (eletriptan, frovatriptan və naratriptan istisnadır) verilməsi qadağandır. Həmçinin, Serotoninin geri alınmasının selektiv inqibitorlarının və ya serotonin-noradrenalinin geri alınmasının inqibitorlarının triptan qrupu preparatları ilə birgə istifadəsi serotonin sindromuna səbəb ola bilər bilər. Lakin, bu iki qrup preparatın birgə istifadəsində serotonin sindromunun inkişafı riski çox aşağı olduğundan bəzi mütəxəssislər hər iki qrup preparatın qəbulu tələb olunduqda, bunu mümkün hesab edir. Lakin, bunu etdikdə xəstənin uzun müddət ərzində serotonin sindromunun simptomlarına dair müşahidə altında olması mütləqdir. Serotonin sindromuna dəlalət edən simptomlar müəyyən edildikdə isə bu kombinasiyanın verilməsi dayandırılmalıdır.

TRİPTAN QRUPU PREPARATLARININ QSİƏP-larla KOMBİNASİYASI.
Tədqiqatlar göstərir ki, kəskin miqren epizodunun müalicəsində triptan qrupu preparatının QSİƏP-la kombinasiyada istifadəsi monoterapiyadan (bu preparatların təklikdə istifadəsindən) daha effektivdir. Məsələn, kliniki tədqiqatlarda sumatriptanla naproksenin (sumatriptan suksinat 85 mq və naproksen 500 mq) birgə verilməsi kəskin miqren epizodunun dayandırılmasında daha effektiv olmuşdur.
Digər triptan qrupu preparatlarının QSİƏP-larla kombinasiyasının monoterapiyadan effektiv olmasına dair geniş tədqiqatlar aparılmasa da, məsələn, frovatriptan (2.5 mq) və deksketoprofen (25-37.5 mq) kombinasiyası bu preparatların monoterapiyasından daha effektiv olmuşdur.

QUSMA ƏLEYHİNƏ (ANTİ-EMETİK) PREPARATLAR.
Venadaxili metoklopramid (serukal) və venadaxili (İV) və ya əzələdaxili (İM) xlorpromazin, proxlorperazin və droperidol da kəskin miqren başağrısının müalicəsində monoterapiya kimi istifadə edilə bilər. Bu preparatlar dofamin reseptorlarının antaqonistləri olduğundan qusma əleyhinə təsirə malikdir. Bununla yanaşı onlar miqren başağrısının azaldılmasında effektivdir. Antiemetik (qusma əleyhinə) preparatların effektivliyi bir sıra kliniki tədqiqatlarda sübuta yetirilib. Bu preparatların verilməsi zamanı akatiziya (daxili rahatsızlıq hissi və bir yerdə rahat dayana bilməmə ilə müşaiyət olunan sindrom) və kəskin distonik reaksiyaların profilaktikası məqsədilə xəstəyə həm də İV difenhidramin (dimedrol 12.5-20 mq hər bir saatdan bir iki dəfə) verilir.
Qeyd edilməlidir ki, sadalanmış preparatların əksəriyyətinin istifadəsində EKQ-də QT intervalının uzanması və torsades de pointes riski artmış olur. Buna görə də, QT intervalının uzanması riski yüksək olan xəstələrdə (ürək xəstəliyi, yaxınlarda qulaqcıqların fibrilyasiyası, qaraciyər və ya böyrək funksiyasının pozulması, elektrolit balansının pozuntuları, bradikardiya, QT intervalının uzanmasına səbəb olan digər preparatların qəbulu və s.) digər preparatların istifadəsinə üstünlük verilməlidir.
Yuxarıda verilmiş antiemetik preparatların İV və ya İM formalarından fərqli olaraq, bu preparatların per oral formaları kəskin miqrenin müalicəsində monoterapiya kimi istifadə edilməməlidir.
Xlorpromazin. Kliniki tədqiqatlarda 0.1 mq/kq İV dozada verilən xlorpromazin kəskin miqren epizodunun müalicəsində effektiv olmuşdur. Xlorpromazinlə müalicə nəticəsində xəstələrdə həm başağrısı, həm də ürək bulanması, foto- və fonofobiya ilə bağlı da əhəmiyyətlə dərəcədə yaxşılaşma qeyd edilir. Xlorpromazinin istifadəsi zamanı xəstələrdə bəzən baş gicəllənməsi və ortostatik hipotenziya müşahidə edilə bilər.
Proxlorperazin. Kliniki tədqiqatlarda İV proxlorperazin İV metoklopramid və ya dərialtı sumatriptanla eyni effektivliyə və bir sıra hallarda hətta daha üstün effektivliyə malik olmuşdur. Kəskin miqren başağrısının müalicəsində İV proxlorperazin 10 mq dozada verilir və onunla yanaşı İV difenhidramin (12.5 mq) də vurulur. Bir daha qeyd edək ki, İV difenhidraminin (dimedrol) verilməsi akatiziya və distonik reaksiyaların önlənməsi üçün istifadə edilir.
Metoklopramid. İV metoklopramid (serukal) kəskin miqren epizodunun müalicəsində yaxşı effektivliyə malikdir. Kliniki tədqiqatlarda İV metoklopramidin effektivliyi İV xlorpromazin və İV perxlorperazindən daha az olmuşdur. Bir sıra hallarda İV metoklopramid 20 mq dozada hər 30 dəqiqədən bir maksimum 4 dəfəyədək verilə bilər. Metoklopramidin vurulması ilə yanaşı İV difenhidraminin (dimedrol, 25 mq hər bir saatdan bir, maksimum iki dəfə) inyeksiyası da tövsiyə edilir ki, akatiziya və distonik reaksiyaların qarşısı alınmış olsun.
Droperidol. Kəskin miqren başağrısının müalicəsində plasebo ilə müqayisədə droperidol (2.75 mq, 5.5 mq, 8.25 mq İM dozalarda) daha effektiv olmuşdur. Kliniki tədqiqatlarda droperidolun ən optimal dozası kimi 2.75 mq olmuşdur. Belə ki, daha yüksək dozalarda droperidolun yan təsirləri daha çox müşahidə edilir.
Adyuvant terapiya. Bir çox hallarda antiemetiklər (qusma əleyhinə preparatlar) digər preparatlarla kombinasiyada istifadə edilir. Məsələn, QSİƏP-larla yanaşı xəstələrdə müşahidə edilən ürək bulanması və qusmanın aradan qaldırılması üçün İV metoklopramid verilə bilər.

ERQOT QRUPU PREPARATLARI.
Erqotaminin müxtəlif formaları təklikdə və ya kafein və ya digər analgetiklərlə kombinasiyada miqren başağrısının müalicəsində istifadə edilir. Həm erqotamin, həm də dihidroerqotamin (DHE45) preparatlarının təsiri onların 5HT1b/1d reseptorlarına birləşdiklərindən irəli gəlir. Xatırladaq ki, triptan qrupu preparatları da eyni reseptorlara birləşərək təsir göstərir. Kliniki tədqiqatlardan bəllidir ki, kəskin miqrenin müalicəsində DHE İV effektivdir. Lakin, erqotaminin effektivliyi tam sübuta yetirilməmişdir.
Dihidroerqotamin. DHE45 və ya dihidroerqotamin alfa-adrenergik blokatordur və arteriyal damarların daralmasına səbəb olur. Bu preparat həm də 5-HT1b/1d reseptorlarının aqonistidir. Erqotaminlə müqayisədə DHE45-in yan təsirləri daha azdır və onun istifadəsi fiziki asılılığa səbəb olmur. DHE45 çox vaxt qusma əleyhinə preparatlarla yanaşı istifadə edilir. Bir sıra hallarda miqrenoz statusun (72 saatdan çox davam edən miqren başağrısı) və xroniki davamlı miqren başağrısının müalicəsində İV dihidroerqotamin uğurla istifadə edilir.
Triptan qrupu preparatlarında olduğu kimi, hipertoniya və ya ürəyin işemik xəstəliyi DHE45-nin istifadəsinə əks göstərişdir. Həmçinin MAO inqibitorları qəbul edən və ahıllarda da DHE45 preparatının istifadəsi tövsiyə edilmir.

MİQREN ƏLEYHİNƏ TERAPİYA ÜSTƏGƏL PARENTERAL DEKSAMETAZON.
Kəskin miqren epizodunun müalicəsində standart terapiya ilə yanaşı xəstəyə İV deksametazonun verilməsi başağrısının erkən təkrarlanması riskini azaltmış olur. Miqren başağrısının kəskin epizodun müalicəsindən sonra qısa müddət ərzində təkrar baş verməsinin qarşısının alınmasında İV deksametazon plasebo ilə müqayisədə daha effektiv olmuşdur. Ve deksametazonun effektivliyi kliniki tədqiqatlarda öz təsdiqini tapmışdır. Lakin, qeyd edilməlidir ki, İV deksametazonun kəskin miqren başağrısının dayandırılmasında heç bir faydası yoxdur, o sadəcə başağrının təkrar qayıtması riskini azaltmış olur.
Buna görə də, kəskin miqren epizoduna görə standart terapiya alan xəstələrə yanaşı olaraq 10-25 mq İV deksametazonun inyeksiyası tövsiyə edilir. Lakin, xatırlatmaq lazımdır ki, İV deksametazonun tez-tez istifadəsi qlyukokortikoidlərin istifadəsi ilə bağlı yan təsirlərə səbəb ola bilər.

OPİATLAR VƏ BARBİTURATLAR.
Kəskin miqrenin müalicəsində opiatlar və barbituratların istifadəsi məqsədə uyğun deyildir və tövsiyə olunmur. Lakin, standart terapiyaya cavabsız qalan hallarda bu preparatlar ən son vasitə kimi istifadə edilə bilər.
Tədqiqatlar göstərir ki, opiatların və butalbitalın istifadəsi xroniki miqrenin inkişafı riskini artırmış olur. Bu preparatların istifadəsi həm də tolerantlıq, asılılıq, aludəçilik və dozadan artıq qəbul riski ilə bağlıdır.