Famotidin (H2 histamin reseptorlarının blokatoru)

FAMOTİDİN

ÜST-ün əsas dərman vasitələrinin (ƏDV) siyahısına daxil deyil

Təsir mexanizmi və istifadəsində göstərişlər:

  • Famotidin H2 histamin reseptorlarının III nəsil blokatorudur. Mədənin selikli qişasının parietal hüceyrələrinin H2 histamin reseptorlarını konkurent blokada etməklə antisekretor təsir göstərir.
  • Mədədə xlorid turşusunun bazal, gecə və qida ilə stimulə olunmuş sekresiyasını azaldır. Nisbətən az dərəcədə pepsinin və Kaslın daxili amilinin sekresiyasını azaltmaqla mədə şirəsinin həcmini azaldır.
  • Bundan əlavə, preparat mədə və onikibarmaq bağırsağın selikli qişasında prostaqlandin E2-nin sintezini artırmaqla sitoprotektiv təsir göstərir.

İstifadəsinə göstərişlər:

  •  Qastroezofageal reflüks;
  •  Mədə və onikibarmaq bağrısağın xoşxassəli xoralı zədələnmələri;
  •  Zollinger-Ellison sindromu;
  •  Təcili əməliyyatlar və doğuş zamanı aspirasion pnevmoniyanın (Mendelson sindromu) profilaktikası məqsədilə premedikasiya;
  •  Həzm traktının yuxarı şöbələrindən qanaxma;
  •  Mədəaltı vəzin ekskretor funksiyasının çatışmazlığı zamanı qəbul edilən ferment dərman vasitələrinin parçalanma riskini azaltmaq üçün;
  •  Əməliyyatdan sonrakı anastomoz xoraları;
  •  «qısa nazik bağırsaq» sindromu (anastomoz);
  •  Hiperhistaminemiya ilə müşayiət olunan sistem mastositoz, bazofil leykemiya zamanı hipersekretor vəziyyətlər.

Doza rejimləri:

Mədə və onikibarmaq bağırsağın xoĢxassəli xoraları:

  • Böyüklərə: gün ərzində 20-40 mq 2 dəfə (səhər yeməyi ilə və yatmazdan əvvəl)
  • və ya gün ərzində 1 dəfə, səhər və ya axşam olmaqla 40 mq,
  • və ya 80 mq yatmazdan əvvəl təyin edilir.

Müalicə mədə xorası zamanı 4 həftədən az olmayaraq, onikibarmaq bağırsaq xorasında 6 həftədən az olmayaraq və qeyri steroid iltihab əleyhinə dərman vasitələrilə induksiya olunmuş xoralar zamanı 8 həftə müddətində aparılır. Zərurət olduqda, doza gün ərzində 20 mq 4 dəfə və ya nadir hallarda (stress xoraları zamanı) bir neçə qəbula bölünmüş 160 mq maksimal dozaya qədər artırıla bilər.

Qastroezofageal reflüks:

  • Böyüklərə: gün ərzində 20 mq-dan 2 dəfə olmaqla 4-8 həftə müddətində, orta hesabla 6 həftə qəbul edilir

Zollinger-Ellison sindromu:

  • Böyüklərə: gün ərzində 20-40 mq-dan 2-4 dəfə olmaqla, 4-8 həftə müddətində (bəzən daha çox) təyin edilir.

Mamalıq təcrübəsində turĢ mədə möhtəviyyatının aspirasiyasının profilaktikası:

  • Doğuşun əvvəlində 40 mq təyin edilir

Cərrahi müdaxilələr zamanı turĢ mədə möhtəviyyatının aspirasiyasının profilaktikası:

  • Böyüklərə: narkoz ərəfəsində və ya ümumi narkoza girişdən 90-120 dəqiqə əvvəl 20 mq daxilə təyin edilir

Qısa bağırsaq sindromu:

  • Böyüklərə: təsirdən asılı olaraq 40 mq olmaqla gün ərzində 2 dəfə (səhər və axşam) təyin edilir.

Venadaxili üsuldan yalnız peroral qəbulun qeyri-mümkünlüyü və stress təsirindən törənən yaraların profilaktikasında istifadə olunur: çox yavaş, 20 mq dozada, 2 dəq-dən tez olmayaraq yeridilir. Maksimal günlıq venadaxili yeridilmə dozası 40 mq-dır.

Ahıl yaşlı və ya böyrək funksiyası zəifləmiş (kreatinin klirensi 30 ml/dəqiqədən aşağı olduqda) xəstələrdə preparatın dozası 20 mq-a qədər azaldılır və ya 40 mq preparat 36-48 saatdan bir təyin edilir.

Əlavə təsirləri:

  •  Baş ağrısı, yorğunluq, zəiflik;
  •  Agızda quruluq, iştahasızlıq, ürəkbulanma, qusma, dispeptik pozğunluqlar (qəbizlik və ya ishal);
  •  Daha az hallarda yuxululuq və ya yuxusuzluq, qulaqda küy, dadbilmə hissiyatının təhrif olunması, anoreksiya, abdominal ağrı;
  •  Psixi funksiyaların müvəqqəti pozulması;
  •  Ümumi bilirubinin səviyyəsinin azalması, qan zərdabında transaminazaların səviyyəsinin artması, qaraciyərdaxiil xolestaz;
  •  Leykopeniya, aqranulositoz;
  •  Allergik reaksiyalar: qızdırma, angionevrotik ödem, övrə, dəridə səpgi;
  •  Aritmiya;
  •  Əzələ ağrıları, artralgiya;
  •  İmpotensiya, libidonun zəifləməsi qeyd edilir.

Əks-göstərişlər:

  •  Hiperhəssaslıq;
  •  Hamiləlik və laktasiya.

Xüsusi göstərişlər:

  • Böyrəklərin və qaraciyərin funksiyasının pozulması, bronxial astma zamanı preparat uzunmüddətli təyin edildikdə (6-8 həftə və daha artıq) periferik qanın vəziyyətinə müntəzəm nəzarət etmək lazımdır.
  • Uzunmüddətli müalicədən sonra preparatın qəbulunun kəskin dayandırılması sekretor «sıçrayış» sindromuna səbəb olur ki, bu da xəstəliyin residivi ilə nəticələnə bilər.
  • Yuxarıda göstərilən səbəblərə görə dozanın tədricən azaldılması və preparatın qəbulunun dayandırılması zamanı digər antisekretor dərman vasitələrilə farmakoloji müdafiə prinsipinə riayət etmək vacibdir.
  • Famotidin və antasidlərin kombinə olunmuş şəkildə təyin edilməsi zamanı antasidlər famotidinin absorbsiyasını poza bilər. Buna görə də bu dərman vasitələri ən azı 1,5-2 saat intervalla qəbul etmək lazımdır.
  • Uşaq yaşlarında preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
  • Hamiləlik və laktasiya zamanı təyin etmək məsləhət görülmür.