Giriş.
Kolonoskopiya vasitəsilə polipektomiya son zamanlar davamlı olaraq inkişaf edən bir sahədir. Kolonoskopiya və polipektomiya kolorektal xərçəng riskinin azaldılmasında mühüm rol oynayır. Soyuq sıxacla kiçik poliplərin götürülməsi və daha iri poliplərin ilmə ilə götürülməsi texnikaları qastroenteroloqlar tərəfindən geniş istifadə edilir. Polipektomiya zamanı qanaxmanın profilaktikası üçün müxtəlif texnikalar istifadə edilir, o cümlədən, endokliplər, endoilmələr. Polipektomiyadan sonrakı ağırlaşmaların əksəriyyəti endoskopik yolla müalicə edilə bilər.
Ağırlaşmalar.
Kolonoskopiya ilə aparılan polipektomiyanın ağırlaşmalarına - perforasiya, postpolipektomiya sindromu və postpolipetkomiya qanaxması aid edilir. Postpolipektomiya sindromu təxminən polipektomiyaların 0.5-1.0%-dan sonra baş verir və ağırlaşmalar sırasında ikinci yeri tutur. Risk faktorlarına 2 sm-dən böyük oturaq poliplər və həmçinin sağ tərəfli yoğun bağırsaqdan götürülmüş poliplər aiddir. Bu sindromun səbəbi bağırsaq divarının perforasiyası baş vermədən onun transmural yanığıdır.
Postpolipektomiya sindromu olan xəstədə qarın ağrısı, leykositoz və yüksək hərarət müşahidə edilir. Sindrom adətən polipektomiyadan sonra 12 saat ərzində baş verir, lakin daha gec də baş verə bilər. Postpolipektomiya sindromunda qarın boşluğunun rentgen və ya KT görüntüsündə azad hava müşahidə edilmir, yəni bağırsaq divarının perforasiyası əlaməti müəyyən edilmir. KT görüntüsündə adətən yoğun bağırsaq divarının fokal qalınlaşması və perikolon və periluminal piy toxumasının laylanması müşahidə edilə bilər. Müalicə isə NPO, antibiotiklər və xəstənin monitorinqindən ibarətdir. Cərrahi müdaxilə çox nadir hallarda tələb olunur.
Kolonoskopiya olunmuş, habelə kolonoskopiya ilə polipektomiya olunmuş xəstələrdə prosedurdan sonra qarın ağrısı, hərarət, qarının palpasiyasında ağrı hissi və leykositoz müşahidə edilirsə, KT görüntülənməsinin əldə edilməsi tələb olunur ki, bağırsaq divarının perforasiyası istisna edilsin. Lakin, peritonit əlamətləri ilə daxil olan və qeyri-stabil xəstələrin dərhal əməliyyat otağına götürülməsi tələb olunur. Eyni zamanda, stabil olan xəstənin KT görüntüləməsində qarın boşluğunda azad hava müəyyən edilirsə, xəstənin explorativ laparotomiya üçün əməliyyat alınması tələb olunur. Təkrar kolonoskopiya və qastroqrafinlər imalələrin aparılması qəti yolverilməzdir. Kolonoskopiyadan sonra yuxarıda qeyd edilmiş simptomlarla daxil olan xəstələrin hospitalizasiyası tələb olunur.