Medikamentoz abort nə deməkdir?
Medikamentoz abort iki növ həbdən istifadə etməklə hamiləliyin pozulması yoludur. Bu, cərrahi yolla aparılan aborta alternativ üsuldur. Medikamentoz abort tibbi müayinədən sonra və yalnız həkimin nəzarəti altında aparılmalıdır. Medikamentoz abortun üstünlükləri hansılardır?
- üsul 95% effektivdir
- üsul ən az fəsadlıdır, anesteziya ilə keçirilən cərrahi abort ilə müqayisədə risk təhlükəsi çox aşağıdır
- infeksiyanın və ya ağırlaşmaların riski ən aşağıdır
- psixoloji cəhətlən bəzi qadınlar üçün daha məqbuldur, çünki daha təbiidir (menstruasiya kimi)
- anonimdir və istifadədə asandır
Medikamentoz abort zamanı nə kimi əlavə təsirlər ola bilər?
- qadınlarda qanaxma, ürəkbulanma və qıcolma kimi hallar baş verə bilər
- medikamentoz abort prosesi cərrahi abortdan daha çox vaxt aparır və tibb müəssisəsinə təkrar gəliş tələb edir
Medikamentoz abort baş tutmayan nadir hallarda abortu tamamlamaq üçün cərrahi metod istifadə edilir. Əlavə təsirlər bir-neçə saatdan sonra tam olaraq keçir, yalnız qanaxma bir həftə və ya bir qədər çox çəkə bilər
Medikamentoz abortu hamiləliyin hansı müddətində etmək olar?
Medikamentoz abort 9-cu həftəyə qədər (≤63 günlük) hamiləlik müddəti ilə bətndaxili hamiləliyin pozulmasında effektivdir.
Medikamentoz aborta əks-göstərişlər:
- təsdiqlənmiş və ya şübhə altında olan uşaqlıqdankənar hamiləlik
- uşaqlıqdaxili vasitə (uşaqlıqdaxili vasitə çıxarıldıqdan sonra tətbiq oluna bilər)
- böyrəküstü vəzlərin xronik çatışmazlığı
- qadının paralel olaraq uzun müddətli kortikosteroid terapiyasını qəbul etməsi
- anamnezdə mifepriston və ya prostaqlandinlərə olan allergiya
- hemorragik pozulmalar və ya antikoaqulyant terapiyasının qəbul edilməsi
Medikamentoz abort zamanı nə vaxt həkimə müraciət etməli?
Medikamentoz abortu yerinə yetirməzdən əvvəl həkim baş verə biləcək ağırlaşmalar və lazımi tədbirlər haqqında qadına məlumat verməlidir. Qadın güclü qanaxması ilə əlaqədar ardıcıl olaraq 1 saat ərzində 2 ədəd maxipads istifadə etdikdə və yaxud onun 24 saatdan çox davam edən yüksək hərarəti olduqda həkimə məsləhət almaq üçün müraciət etməlidir.
Medikamentoz abortdan sonra sonsuzluq baş verə bilərmi?
Xeyr. Medikamentoz abortdan sonra hamilə qalmaq qabiliyyəti çox tez bərpa olunur (hətta növbəti aybaşı dövrünün başlanmasına qədər yenidən hamilə qalma halları qeyd olunur). Məhz ona görə medikamentoz abortdan sonra qadının hamiləliyin qarşısını alan metodlardan istifadəyə başlaması vacib sayılır. Kombinə olunmuş oral kontraseptivlər mizoprostolun qəbulu günündən başlayaraq istifadə oluna bilər, baryer kontraseptiv vasitələrdən istifadəyə əks-göstəriş yoxdur. Uşaqlıqdaxili vasitələr abort tam bitəndən sonra infeksiya əlamətləri və qadının hamilə olmadığı halda qoyula bilər.
Medikamentoz abort müvəffəqiyyətsizliyə uğrayırmı?
Gynuity layihəsinin texniki dəstəyi ilə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və Ailə Planlanması Mərkəzi tərəfindən 2009-2012-ci illərdə Respublikamızın üç şəhərində (Bakı, Gəncə, Zaqatala) 860 qadına medikamentoz abort aparılmışdır. Nəticədə yalnız 2% qadına, baş vermiş fəsadları (natamam abort və ya qanaxma) aradan qaldırmaq üçün, cərrahi üsulla müdaxilə edilmişdir.