Pediatrik xəstələrdə Baş ağrısı: diaqnostika, klinika və diaqnostik görüntüləməyə göstərişlər.

GİRİŞ.

Uşaqlarda və yeniyetmələrdə baş ağrısı (orbitomeatal  və ya göz ilə xarici eşitmə kanalından keçən abstrakt xətdən yuxarıda yerləşən ağrı) çox geniş yayılmış şikayətdir. Baş ağrılarının baş verməsi tezliyi yaş artdıqca artır və onların etioloji səbəbləri müxtəlifdir. Baş ağrıları məktəblə əlaqəli problemlərlə bağlı həyacanla, həyata təhlükə törədən infeksiyalarla və beyin törəmələri ilə əlaqəli əmələ gələ bilər. Baş ağrısından şikayətlənən uşaqlar adətən valideynləri tərəfindən həkim müayinəsinə gətirilir ki, bu da valideynlərinin narahatçılığı ilə bağlıdır. Əksər hallarda valideynlər əmin olmaq istəyir ki, baş ağrıları beyin törəməsi və ya digər ciddi xəstəliyin əlaməti deyil. Ətraflı anamnezin toplanması, fiziki və nevroloji müayinənin aparılması və müvafiq diaqnostik testlərin aparılması (göstəriş olduqda) ilə xoşxassəli birincili baş ağrısı halını ikincili baş ağrısına səbəb olan daha ciddi xəstəliklərdən fərqləndirməyə yardım edir.

 

EPİDEMİOLOGİYA.

Uşaq və yeniyetmələrdə baş ağrıları tez-tez müşahidə edilir. Bir çox ölkələrdə aparılmış tədqiqatlar göstərmişdir ki, uşaqların təxminən 60% müəyyən müddətlərdə baş ağrısından əziyyət çəkdiklərini qeyd edir. 18 yaşına çatanadək uşaqların 90%-də ən azı bir dəfə baş ağrısı olur.

Daha tez-tez baş verən və güclü baş ağrıları da uşaqlarda geniş yayılmışdır. Məsələn, ABŞ-da aparılmış sorğuda 4-18 yaş arasında olan uşaqların 20%-i qeyd etmişdir ki, son 12 ay ərzində güclü və ya tez-tez baş verən baş ağrısından əziyyət çəkib. Uşaqların yaşı artdıqca baş ağrılarının tezliyi və ağırlıq dərəcəsi də artmış olur. Maraqlıdır ki, aparılmış araşdırmalarda 6-9-cu sinif şagirdlərinin 1.5% xroniki gündəlik baş ağrılarından əziyyət çəkdiyi müəyyən edilmişdir (ABŞ-da).

12 yaşdan aşağı olan oğlan və qız uşaqlarında baş ağrılarının yayılması təxminən eynidir. Lakin, 12 yaşdan yuxarı olan uşaqlar arasında baş ağrıları daha çox qızlarda müşahidə edilir.

Baş ağrılarının böir qismi uşağın məktəbə getməsindən sonra 12 ay ərzində müşahidə edilir. Baş ağrıları olan uşaqlarda digər yanaşı tibbi problemlər, fiziki simptomlar və psixi simptomlar daha çox müşahidə edilir. Həmçinin, uşaqlıqda baş ağrıları olan uşaqlarda böyüdükdə də baş ağrılarının davam etməsi ehtimalı daha yüksək olur.

 

ETİOLOGİYA.

Uşaq və yeniyetmələrdə baş ağrıları iki səbəbdən əmələ gəlir:

  • birincili baş ağrısı sindromu: miqren, gərginlik tipli baş ağrısı, klaster tipli baş ağrısı.
  • ikincili baş ağrısı sindromu: digər tibbi problemlərlə bağlı olur. İkincili baş ağrıları adətən qızdırma və ya yüksək hərarətlə müşahidə edilən kəskin xəstəliklə (məs., yuxarı tənəffüs yolları infeksiyası, qrip) və ya mərkəzi sinir sisteminin infeksiyası və ya törəməsi ilə bağlı ola bilər.
Uşaqlıqda müşahidə edilən baş ağrıları çox nadir hallarda ciddi xəstəliyin əlaməti olur. Təcili tibbi yardım məntəqələrinə kəskin baş ağrısı ilə müraciət edən uşaqların əksəriyyəti viruslu xəstəlikdən və ya yuxarı tənəffüs yollarının infeksiyasından əziyyət çəkir. Lakin, bəzi hallarda daha ciddi və ağır xəstəliklər də baş ağrısının səbəbi ola bilər.
Ailə həkimləri və ya poliklinikalara müraciət edən xəstələrin əksəriyyətinda birincili baş ağrısı sindromu daha geniş yayılmışdır və əsasən infeksion və psixolososial (məs., ailədaxili və ya məktəbdaxili problemlər) problemlərlə bağlı olur.

---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- ----------------

Cədvəl A. Uşaqlarda kəskin baş ağrılarının səbəbləri.
  • Yuxarı tənəffüs yollarının infeksiyası, qızdırma və ya qızdırmasız
  • Sinusit
  • Farinqit
  • Meningit (viruslu və ya bakteriyal)
  • Miqrent
  • Hipertoniya xəstəliyi
  • Narkotik maddələrə aludəçilik (məs., kokain)
  • Dərmanlar (məs., metilfenidat (Ritalin), oral kontraseptiv maddələr, steroidlər)
  • İntoksikasiya (məs., qurquşun, CO zəhərlənməsi)
  • Ventrikuloperitoneal şuntun funksional pozuntusu
  • Beyin törəməsi
  • Hidrosefalus
  • Subaraxnoidal qanaxma
  • Kəllədaxili qanaxma

---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- ----------------

Birincili baş ağrıları.
Uşaqlarda ən çox yayılmış birincili baş ağrısı sindromlarına miqren baş ağrıları, gərginlik tipli və klaster tipli baş ağrıları aid edilir. Gündəlik xroniki baş ağrılarıda əsasən ya miqren, ya da gərginlik tipli baş ağrısından irəli gəlir.
  • Miqren baş ağrıları.
    • Miqrent uşaqlıq dövründə ən çox rast gəlinən kəskin təkrarlanan baş ağrısı sindromudur. Miqren əsasən ürək bulanma, qusma, qarın ağrısı və yatmaq istəyi ilə müşaiyət olunan dövrü baş ağrıları ilə xarakterizə olunur. Miqrenin diaqnostikası üçün veqetativ sinir sistemi simptomların, xüsusilə də, fotofobiya, fonofobiya, ürək bulanma və qusma kimi simptomların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Uşaqlarda, xüsusilə də, kiçik yaşlı uşaqlarda baş ağrısının müddəti qısa (çox vaxt 1 saatadək) və iki tərəfli ola bilər (bifrontal və ya bitemporal). Oksipital və ya ənsədə baş verən ağrıların beyin toxumasının orqanik zədələnməsi ilə əlaqəli olması nəzərdən keçirilməlidir və daha dərindən araşdırılmalıdır.
    • Miqren baş ağrıları bəzən hemiplegiya, oftalmoplegiya, tinnitus, vertiqo, ataksiya, əzələ zəifliyi, keyləşmə və parasteziyalarla müşaiyət oluna bilər. Bu cür mürəkkəb miqren baş ağrıları daha dərindən araşdırılmalıdır, çünki həmin simptomların digər patologiyalarla (məs., kəllədaxili törəmə, qanaxma, işemik insult və ya infeksiya) bağlı olmadığı istisna edilməlidir.
    • Miqren baş ağrılarının variantları aşağıdakılardır: paroksizmal vertiqo, dövrü qusma (siklik qusma) və abdominal miqren. Xoşxassəli tortikollis - körpələrdə başın qısa müddətli, təkrarlanan və spontan aradan qalxan əyilməsi də - miqrenin bir variantı kimi nəzərdən keçirilir.
  • Gərginlik tipli baş ağrıları.
    • Gərginlik tipli baş ağrısı kəllənin istənilən hissəsində və ya suboksipital (ənsəaltı) zonada müşahidə edilən ikitərəfli sıxıcı baş ağrısı ilə xarakterizə olunur. Gərginlik tipli baş ağrısı mülayim və ya orta dərəcəli intensivliklə müşahidə edilən və 30 dəqiqədən bir neçə günədək davam edə bilən küt baş ağrısıdır. Gərginlik tipli baş ağrısı fotofobiya və ya fonofobiya ilə müşaiyət oluna bilər. Lakin bu tipli baş ağrılarında adətən ürək bulanma və ya qusma müşahidə edilmir və həmin baş ağrıları fiziki aktivliklə pisləşmir. Gərginlik tipli baş ağrılarında müşahidə edilən simptomların miqrenə bənzədiyindən, bu iki tip baş ağrılarının differensiasiyası çox vaxt çətin olur.
  • Klaster baş ağrıları.
    • Klaster baş ağrıları həmişə bir tərəfli olur və adətən frontal-periorbital lokalizasiyaya malikdir. Klaster baş ağrılarında ağrı çox güclü olur və 3 saatdan çox davam etmir. Klaster baş ağrılarından əziyyət çəkən xəstələrdə adətən ipsilateral veqetativ əlamətlər, o cümlədən, göz yaşı axması (lakrimasiya), rinorreya (burundan axma), və nadir hallarda Horner sindromu (ipsilateral ptoz, mioz və üzün dishidrozu) müşaiyət olunur.
    • Klaster baş ağrıları istənilən yaşda olan uşaqlarda, o cümlədən, 3 yaşdan da kiçik uşaqlarda müşahidə edilir. Lakin, klaster baş ağrıları daha çox 10-20 yaş arasında uşaq və gənclərdə müşahidə edilir və 10 yaşdan aşağı uşaqlarda çox az rast gəlinir.
  • Xroniki gündəlik baş ağrıları.
    • Orqanik yəni beyin toxumasının patologiyası ilə əlaqəli olmayan və ən azı 3 ay və ayda 15 gündən çox davam edən baş ağrısına xroniki gündəlik baş ağrısı deyilir. Beynəlxalq Baş Ağrısı Cəmiyyətinin təsnifatına görə xroniki gündəlik baş ağrısı 4 altipə bölünür  - xroniki miqren, xroniki gərginlik tipli baş ağrısı, yeni gündəlik davamlı baş ağrısı və hemikraniya continua.
    • Xroniki gündəlik baş ağrısı uşaqlarda çox ciddi problemdir. Bir sıra ölkələrdə aparılmış tədqiqatdan məlumdur ki, xroniki gündəlik baş ağrısı 12-14 yaşlı uşaqların 1.5%-da müşahidə edilir və qızlarda daha çox təsadüf edir. Bu uşaqların əksəriyyətində xroniki gərginlik tipli baş ağrısı və ya xroniki miqren olur.
    • Maraqlıdır ki, analgetik preparatların daha az istifadəsi xroniki gündəlik baş ağrılarının profilaktikasında mühüm addım hesab edilir. Digər bir məqam ondan ibarətdir ki, xroniki gündəlik baş ağrısı olan uşaqların bir çoxunda yanaşı depressiya da müşahidə edilir.

İkincili baş ağrısı.
İkincili baş ağrısı digər əsas tibbi problem səbəbindən inkişaf etmiş olur. İkincili baş ağrıları daha ciddi tibbi problemlərin müəyyən edilməsinə yardımçı ola bilər ki, bu da vaxtında müdaxilənin edilməsinə imkan verir. Ciddi tibbi problemi olan uşaqlarda baş ağrısı ilə yanaşı müvafiq tibbi xəstəliyə və ya kəllədaxili patologiyaya dəlalət edən digər əlamət və simptomlar müəyyən edilir.
Uşaqlarda ikincili baş ağrısına səbəb olan hallara aşağıdakılar aiddir:
  • Qızdırma ilə müşaiyət olunan kəskin xəstəlik (məs., qrip, yuxarı tənəffüs yollarının infeksiyası, sinusit). Bu növ infeksiyalar uşaqlarda ikincili baş ağrılarının ən geniş yayılmış səbəbidir. Əgər davamlı baş ağrısı sinusitin dominant simptomudursa, kəllədaxili patologiyanın istisna edilməsi üçün beyinin radioloji görüntüləməsinin təyin edilməsi tövsiyə edilə bilər.
  • Başın travması.
  • Dərman preparatları (məs., oral kontraseptivlər, qlyukokortikoidlər, serotoninin geriyə alınmasının selektiv inqibitorları və s..
  • Kəskin və ağır dərəcəli sistemli hipertoniya (baş ağrısına səbəb ola bilər və ya kəllədaxili təzyiqin artması ilə bağlı ola bilər).
  • Kəskin və ya xroniki meningit.
  • Beyin törəməsi.
  • İdiopatik kəllədaxili hipertenziya və ya yüksək təzyiq.
  • Hidrosefalus.
  • Kəllədaxili qanaxma (birtərəfli qəfl güclü baş ağrısı).

KLİNİKİ XÜSUSİYYƏTLƏR.
Kiçik yaşlı uşaqlarda ağrıya reaksiya böyük yaşlı uşaqlar və yeniyetmələrdən xeyli fərqlidir. Kiçik yaşlı uşaqlarda baş ağrısı özünü daha çox ağlamaq, işıqdan və səsdən gizlənmək, halsızlıqla təzahür edir. Bu cür simptomlar qeyri-spesifik olduğu üçün valideynlər çox vaxt baş ağrısını differensial diaqnostikada nəzərdən keçirmir. Xroniki ağrı uşaqlarda inkişafın geriləməsinə, təşvişə, depressiyaya və davranışda problemlərə səbəb ola bilər və uşağın yemək, yatmaq və ya oynamağına təsir etmiş olur. Böyük yaşlı uşaqlar ağrını daha yaxşı qavrayır, lokalizasiya edir və yadda saxlayır. Yeniyetmələrdə isə emosional, habelə davranış və şəxsiyyətlə bağlı faktorlar daha mühüm rol oynamağa başlayır. Uşaqlarda baş ağrısı simptomları və əlamətlərinin müxtəlifliyi, onların diaqnostikasında müvafiq meyarların tətbiqini çətinləşdirir.

MÜAYİNƏ.
Uşaqlarda baş ağrılarının müayinəsi detallı anamnezin toplanması və kəllədaxili infeksiya və ya kəllədaxili törəmənin olmasına işarə edən kliniki xüsusiyyətlərə diqqət yetirməklə aparılan fiziki müayinədən başlamalıdır. Baş ağrısının xüsusiyyətləri onun etiologiyasının müəyyən edilməsinə yardım edir.

Anamnez. Baş ağrısı olan uşaqların müayinəsində baş ağrısına dair toplanmış detallı anamnez ən faydalı və vacib diaqnostik məlumatın əldə edilməsini təmin edir. Detallı anamnez həm də fiziki müayinənin daha fokuslu aparılmasına və gərəksiz diaqnostik müdaxilələr və radioloji görüntüləmələrin aparılmasının qarşısını almış olur.
Kiçik yaşlı, xüsusilə də 10 yaşdan kiçik olan uşaqlarda baş ağrısının tarixçəsinə dair məlumat valideynlərin iştirakı ilə əldə edilir. Lakin, bütün hallarda baş ağrısını təsvir etmək üçün imkan ilk növbədə uşağın özünə verilir. Bir çox hallarda uşaqlardan baş ağrısını rəsmlə ifadə etmək və rəsmlə həm də hər hansı vizual simptomları təsvir etmək çox faydalıdır.
Uşaq və yeniyetmələr çox zaman baş ağrısına səbəb olan spesifik şəraiti və ya faktorları müəyyən etmək iqtidarında olur (məs., məktəbə qayıtdıqdan sonra gərginlik tipli baş ağrısı qayıtmış olur, avtomobildə gəzinti miqren epizoduna səbəb ola bilər). Avtomobildə gedə-gedə kitab oxuduqda əmələ gələn ürək bulanması miqrendən əziyyət çəkən uşaq və yeniyetmələrdə tez-tez müşahidə edilir.
Baş ağrısı ilə bağlı xüsusi gündəliyin tutulması yəni baş ağrılarının baş verdiyi tarix və günün hissəsi, lokalizasiyası, səbəbkar faktorlar, ağırlıq dərəcəsi və digər yanaşı xüsusiyyətlər baş ağrılarının diaqnostikasına xeyli yardım etmiş olur.
  • Baş ağrılarının xüsusiyyətləri. Anamnezdən asılı olaraq baş ağrıları aşağıdakı xüsusiyyətlərə görə klassifikasiya edilə bilər. Bu cür təsnifatın aparılması baş ağrılarının etiologiyasını müəyyən etməyə imkan verir:
    • Kəskin
    • Kəskin və təkrarlanan
    • Xroniki və proqressiv inkişaf etməyən
    • Xroniki və proqressiv inkişaf edən
    • Qarışıq xüsusiyyətlərə malik (məs., kəskin təkrarlanan baş ağrıları ilə ağırlaşmış xroniki qeyri-proqressiv baş ağrısı)

Fiziki müayinə. Birincili baş ağrısı olan uşaqlarda fiziki müayinənin nəticələri adətən norma daxilində olur (məs., miqren baş ağrıları, gərginlik tipli baş ağrısı olan uşaqlarda). Lakin, ikincili baş ağrıları olan uşaqlarda isə fiziki müayinənin nəticələri adətən qeyri-normal olur. Bu isə diaqnostikaya yardım etmiş olur (məs., sinusiti olan uşaqlarda kəllədaxili boşluqların müayinəsində ağrı hissi; meningiti olan uşaqlarda qızdırma və ənsənin rigidliyi). Beyin törəməsi səbəbindən yaranan baş ağrıları olan uşaqların nevroloji müayinəsində çox vaxt müəyyən pozuntular aşkar edilir.
Kliniki vəziyyətdən asılı olaraq, baş ağrısı olan uşağın fiziki müayinəsi aşağıdakılardan ibarət ola bilər:
  • Uşağın ümumi görünüşü
  • Həyat göstəriciləri, o cümlədən, hərarət, arteriyal təzyiq və nəbz
  • Uşağın hündürlüyü, çəkisi və başın dairəvi ölçüsü
  • Hər hansı küyün müəyyən edilməsi üçün boyunun, gözlərin və başın auskultasiyası
  • Baş, boyun, çiyinlər və onurğanın palpasiyası və müayinəsi
  • Görmə sahələrinin müayinəsi
  • Göz dibinin ödemi və gözün torlu gişasına qanaxmaların istisna edilməsi üçün fundoskopiya
  • Otitis media və hemotimpanumun istisna edilməsi üçün otoskopiya
  • Orofarinksin müayinəsi və infeksiya əlamətlərinin təyin edilməsi, dişlərin müayinəsi və diş ətrafı absesin istisna edilməsi
  • Funksional nevroloji müayinə, o cümlədən, uşağın oturaq vəziyyətdən köməksiz qalxa bilməsi; dabanlarında və ayaq barmaqları üstə yeriməsi; kəllə sinirlərin yoxlanması; tandem yerişi və Romberq testi; motor, sensor, reflekslər və beyincik (koordinasiya) testlərində simmetriyanın (eynilik) müayinəsi
  • Neyrokutan patologiyalarının (xəstəliklərinin) istisna edilməsi üçün dərinin müayinəsi
  • Disrafizm əlamətlərinin istisna edilməsi üçün onurğanın müayinəsi
Fiziki müayinədə narahatedici tapıntılar. Kiçik tədqiqatlarda kəllədaxili patologiyanın olduğuna (kütlə və ya mərkəzi sinir sisteminin infeksiyası) dəlalət edən əlamətlər müəyyən edilmişdir. Anamnez toplayarkən yüksək kəllədaxili təzyiq, kəllədaxili infeksiya və ya proqressivləşən nevroloji xəstəliyin əlamətləri və ya simptomlarının olub olmamasına dair suallar verilməlidir. Şübhə olduqda isə müayinə daha dərindən aparılmalıdır.

NEYROGÖRÜNTÜLƏMƏ.
İkincili baş ağrısına səbəb olan bir çox patologiyalar neyrogörüntüləmə metodları (məs., KT və ya MRT) ilə müəyyən edilə bilər. Neyrogörüntüləmə ilə aşağıdakı patologiyalar aşkar edilə bilər:
  • Anadangəlmə qüsurlar/malformasiyalar
  • Hidrosefalus
  • Kəllədaxili infeksiyalar və onların ağırlaşmaları
  • Travma və onun ağırlaşmaları
  • Neoplastik proseslər, törəmələr
  • Damar patologiyaları (məs., arteriovenoz malformasiyalar)
Lakin, birincili baş ağrısı və ya qeyri-müəyyən baş ağrısı ilə poliklinika həkimi və ya pediatrın müayinəsinə gələn uşaqların əksəriyyətində neyrogörüntüləmənin aparılmasına ehtiyac yoxdur. Fiziki və kliniki müayinədə nevroloji pozuntular olmadıqda və/və ya anamnezdə nevroloji simptomlar müəyyən edilmədikdə, neyrogörüntüləmənin (KT və ya MRT) aparılması az faydalıdır. Nevroloji pozuntuları olmayan uşaqlarda neyrogörüntüləmə aparıldıqda bəzən əhəmiyyətsiz və baş ağrısına aidiyyatı olmayan tapıntılar müəyyən edilə bilər. Bu isə həmin uşaqlarda ardıcıl olaraq müxtəlif əlavə testlərin və diaqnostik müayinələrin aparılmasına səbəb ola bilər.
Nevroloji pozuntuları olmayan uşaqlarda neyrogörüntüləmənin aparılması həm də uşaqların radiasiyaya məruz qalmasına səbəb olur və çox zaman isə görüntüləmənin aparılması üçün sedasiyanı tələb edir.
Göstərişlər. Baş ağrısı olan uşaqlarda neyrogörüntüləmənin aparılmasına dair qərar fərdi haldan asılı olaraq qəbul edilir. Kəllədaxili patologiyaya şübhə yaradan narahatedici simptomlar və ya əlamətləri olan uşaqlarda KT və ya MRT ilə neyrogörüntüləmənin aparılması tövsiyə edilir. Amerikanın Nevrologiya Akademiyası və Amerika Radioloqlar Cəmiyyəti tərəfindən baş ağrısı olan uşaqlarda neyrogörüntüləmənin aparılmasına dair xüsusi qaydalar və meyarlar tərtbi edilmişdir. Yaşı 3-18 arası olan və kəskin travma, qızdırma və ya digər məlum səbəblə əlaqəli olmayan təkrar baş ağrılardan əziyyət çəkən uşaqlarda neyrogörüntüləmənin aparılması aşağıdakı hallarda tövsiyə edilir:
  • Nevrololji müayinədə pozuntuların aşkar edilməsi və/və ya qıcolmalar
  • Yeni başlamış kəskin baş ağrısı
  • Baş ağrısının növü və ya xüsusiyyətinin dəyişməsi (təkrarlanan və ya xroniki baş ağrısı olan uşaqlarda)
  • Meningit, ensefalit və ya kəllə daxilinə yayılmış sinusitə şübhə olduqda
  • Kəllədaxili patologiyanın baş verməsi riskini artıran xəstəliyi olan uşaqlarda güclü və ya kəskin baş ağrısı (məs., immunçatışmazlığı, oraq hüceyrə xəstəliyi, neyrofibromatoz, anamnezdə törəmə, koaqulopatiya, hipertoniya xəstəliyi).
Xroniki inkişaf etməyən baş ağrısı olan və nevroloji əlamət və simptomları olmayan və ya kəllədaxili təzyiqi yüksək olmayan uşaqlarda neyrogörüntüləmənin təyin edilməsi tələb olunmur. Miqren baş ağrıları olan və nevroloji simptomları olmayan uşaqlarda da neyrogörüntüləmənin təyin edilməsinə göstəriş yoxdur. Düzdür, erkən miqren epizodlarını törəmə səbəbindən inkişaf etmiş ikincili baş ağrılarından differensiasiya etmək çətin ola bilər. Ağırlaşmış miqren və ya atipik miqren əlamətləri olan uşaqlarda, habelə miqrenə dair Beynəlxalq Baş ağrısı Cəmiyyətinin meyarlarına tam cavab verməyən uşaqlarda neyrogörüntüləmənin təyin edilməsi tövsiyə olunur.
Ümumiyyətlə, qeyd edilməlidir ki, nevroloji simptomları olmayan uşaqlarda neyrogörüntüləmənin effektivliyi çox aşağı olur.

------------------- ------------------- ------------------- ------------------- ------------------- ------------------- -------------------
Cədvəl B. Baş ağrısı olan uşaqlarda neyrogörüntüləməyə göstərişlər.
  • Kəskin baş ağrısı
  • Həyatda hiss etdiyi ən ağır və güclü baş ağrısı epizodu
  • Xroniki proqressivləşən xüsusiyyətə malik baş ağrısı (tədricən pisləşən)
  • Fokal nevroloji simptomlar
  • Nevroloji müayinədə pozuntular
  • Göz dibinin ödemi (papilloedema)
  • Göz hərəkətlərində pozuntular
  • Hemiparez
  • Ataksiya
  • Reflekslərin pozulması
  • Ventrikuloperitoneal şuntun mövcudluğu
  • Neyrofibromatoz və ya tuberous skleroz
  • 3 yaşdan kiçik uşaqlarda baş ağrısı
  • Yuxudan durduqda baş ağrısı və ya qusma
  • Meningeal əlamətlər
------------------- ------------------- ------------------- ------------------- ------------------- ------------------- -------------------

Görüntüləmənin aparılması tələb olunarsa, təcili və ya kəskin hallarda (qanaxmaya şübhə olduqda və ya kəllədaxili kütlənin sürətli diaqnostikası tələb olunduqda) kontrastsız KT-nin təyin edilməsi daha məqsədə müvafiqdir. Təcili olmayan hallarda isə MRT-nin təyin edilməsi daha məqsədə uyğundur. Belə ki, KT görüntüləməsinin təyin edilməsi hallarında uşaqların radiasiyaya (şüa) məruz qalması və gələcəkdə həmin uşaqlarda radiasiya səbəbindən kəllədaxili törəmələrin əmələ gəlmə riski mütləq nəzərdə saxlanmalıdır. MRT həm də türk yəhəri çuxurunun patologiyalarını, kranioservikal birləşmə patologiyalarını, kəllənin arxa çuxur patologiyalarını, ağ maddə pozuntularını və anadangəlmə anomaliyalarını daha dəqiq müəyyən etməyə imkan verir.
İlkin KT, MRT və ya lumbar punksiyada subaraxnoidal sahədə qan və ya parenixma daxilində qan müəyyən edilərsə, həmin xəstələrdə KT angioqrafiya və ya MRT angioqrafiyanın aparılması nəzərdən keçirilir.

Laborator müayinələr. Uşaqlıq dövründə müşahidə edilən baş ağrılarının müayinəsində laborator analizlərin faydaslı çox azdır. Təkrar baş ağrıları olan uşaqların müayinəsində sıradan qan analizləri və ya lumbar punksiyanın təyin edilməsinin faydası tədqiqatlarda təsdiqini tapmayıb. Lakin, anamnezdən və/və ya fiziki müayinədən baş ağrılarının digər xəstəlik səbəbindən əmələ gəlməsinə şübhə yarandıqda, laborator testlərin təyin edilməsi tövsiyə edilir.

Lumbal punksiya. Kəllədaxili infeksiya, subaraxnoidal qanaxma və ya idiopatik kəllədaxili yüksək təzyiqin (psevdotumor cerebri) olmasına şübhə olan uşaqlarda lumbal punksiyanın aparılması tövsiyə edilir. Lumbal punksiyadan öncə neyrogörüntüləmənin aparılması tövsiyə edilir. Belə ki, beyin yerdəyişməsi riski yüksək olduğu üçün kəllədaxili törəmənin olması lumbal punksiyanın aparılmasına əksgöstəriş hesab edilir. Lakin, bakteriyal meningitə şübhə olan hallarda, neyrogörüntüləmə səbəbindən lumbal punksiyanın aparılması və ardınca dərhal antibiotiklərin verilməsi gecikdirilməməlidir. Əgər bakteriyal meningitə şübhə varsa və neyrogörüntüləmənin aparılması xeyli ləngiyirsə, həmin uşaqlarda neyrogörüntüləməni gözləmədən lumbal punksiyanın aparılması və antibiotiklərin təyin edilməsi nəzərdən keçirilməlidir.
İdiopatik kəllədaxili yüksək təzyiqi olan uşaqlarda lumbal punksiyadan öncə sedasiyanın aparılması tövsiyə edilir. Belə ki, həmin uşaqlarda punksiya zamanı açılma təzyiqinin düzgün təyin edilməsi diaqnostika üçün xüsusi əhəmiyyət kəsb edir.

 

 

 

DİGƏR TESTLƏR.

Yanaşı və ya əsas tibbi xəstəliklərin mövcudluğuna şübhə olduqda isə digər müvafiq testlərin aparılması nəzərdən keçirilməlidir. Anamnez və fiziki müayinə nəticəsində toplanmış məlumatdan asılı olaraq, baş ağrılarının səbəbini müəyyən etmək üçün müvafiq diaqnostik testlər təyin edilməlidir. Misal üçün:

  • Infeksiya, vaskulit və ya bədxassəli törəmələrə şübhə olduqda qanın ümumi analizi, leykoformula və eritrositlərin çökmə sürəti təyin edilir.
  • İntoksikasiyaya şübhə olduqda isə qan və ya sidiyin toskikoloji müayinəsi təyin edilir (qan və sidikdə toksinlərin təyini).
  • Tiroid vəzinin funksional testləri (əgər hipotireoza şübhə varsa).

Elektroensefaloqrafiya. Təkrar baş ağrıları olan uşaqların sıradan müayinəsində EEQ-nın təyin edilməsi tövsiyə olunmur. Belə ki, EEQ-nin aparılması baş ağrılarının səbəbini müəyyən etmək və ya miqren baş ağrılarının digər növ baş ağrılardan differensiasiya etməyə yardım edə bilmir.

 

DİAQNOSTİKA.

Baş ağrısı xüsusiyyətlərinin dəyərləndirilməsi üçün aşağıdakıların müəyyən edilməsi tələb olunur (məqalənin bu bölməsindəki bəzi məlumatlar Səhiyyə Nazirliyinin İSİM-nin Baş ağılarının differensial diaqnostikası üzrə kliniki protokoldan götürülüb):

Zamana görə xüsusiyyətlər:

  • Tutmanın başlanmasından zirvəyə çatanadək olan müddət
  • Adətən nə vaxt tutur (mövsüm, ay, menstrual sikl, həftə, günün saatı)
  • Tezliyi və davam etmə müddəti
  • Son altı ay və həyatı boyu sabit və ya dəyişən

Vegetativ sinir sisteminin disfunksiyasına aid olan əlamətlər:

  • Burunun tutulması
  • Rinoreya
  • Göz yaşının axması
  • Göz qapağının ptozu və ya ödemi

Xarakterik xüsusiyyətlər:

  • pulsasiyaedici (nəbzvari), sıxıcı, kəskin və s.

Yerləşməsi:

  • birtərəfli
  • ikitərəfli
  • tərəfini dəyişən

Ağırlığı:

  • Baş ağrısını kəskinləşdirən və ya yüngülləşdirən amillər və xarakterik cəhətlər
  • Baş ağrısınını aradan götürən/yüngülləşdirən amillər
  • Səhhətlə bağlı digər problemlər
  • Effektiv və ya effekti olmayan müalicə tədbirləri (farmakoloji və qeyri-farmakoloji)
  • Aura (miqren xəstələrinin təqribən 15%-də mövcuddur)

Birincili baş ağrılarının diaqnostikası əsasən kliniki müayinə əsasında aparılır və bu məqsədlə Beynəlxalq Baş Ağrısı Cəmiyyətinin meyarlarına istinad edilir.

 

  • Miqren baş ağrıları (cədvəl 1)
  • Gərginlik tipli baş ağrıları (cədvəl 2)
  • Klaster baş ağrıları (cədvəl 3)

 

Beyin patologiyası olmadıqda ən azı 3 ay və ayda 15 gündən çox davam edən baş ağrısı olan uşaqlarda xroniki gündəlik baş ağrılarının diaqnozu da kliniki müayinə nəticəsində qoyulur.
İkincili baş ağrılarının təyin edilməsi isə əsas xəstəliyin diaqnostikasından asılıdır.

 

------------------- ------------------- ------------------- ------------------- ------------------- ------------------- ------------------- -------------------

Cədvəl 1. Uşaqlarda miqren baş ağrılarının diaqnostikası ilə bağlı meyarlar.

Aşağıdakı meyarlara cavab verən 5 və daha çox baş ağrı epizodu:

  • 1 saatdan 48 saatadək davam edən (böyüklərdə daha qısa müddətli olur miqren baş ağrıları)
  • Aşağıdakı xüsusiyyətlərdən ən azı ikisi olduqda:
    • İkitərəfli və ya birtərəfli (frontal/temporal) lokalizasiya (böyüklərdə yalnız ikitərəfli olur)
    • pulsasiyalı
    • orta və ya ağır dərəcli intensivliyə malik olur
    • fiziki fəaliyyət səbəbindən daha da pisləşir
  • Aşağıdakılardan ən azı biri ilə maşaiyət olunur:
    • ürək bulanma və/və ya qusma
    • Fotofobiya və/və ya fonofobiya (böyüklərdə foto- və fonofobiya eyni vaxtda müşahidə edilmir)

 

------------------- ------------------- ------------------- ------------------- ------------------- ------------------- ------------------- -------------------

Cədvəl 2. Gərginlik tipli baş ağrılarının diaqnostikası meyarları.

  • ikitərəfli lokalizasiya
  • sıxıcı və ya təzyiqedici xarakter
  • ağrılar yüngüldən orta ağırlıq dərəcəsinə qədər
  • ürəkbulanma və ya qusma yoxdur
  • adi fiziki gərginlik zamanı artmır
  • perikranial əzələlərin ağrıları, işığa və ya səs-küyə qarşı artmış həssaslıqla müşahidə oluna bilər

 

------------------- ------------------- ------------------- ------------------- ------------------- ------------------- ------------------- -------------------

Cədvəl 3. Klaster baş ağrılarının diaqnostikası meyarları.

  • Baş ağrısının həddindən artıq dözülməz olması, gündüz və gecə ərzində dəfələrlə təkrarlanması,
  • Üz nahiyyəsində aydın vegetativ əlamətlərlə təzahür etməsi və
  • Xəstəliyin özünəməxsus formada gedişatı – ağrı tutmalarının dalbadal və ya “dəstə” şəkilində baş verməsi.
  • Ağrı olan tərəfdə tutmalar aşağıda verilmiş bir və ya bir neçə əlamətlərlə müşayiət olunur:
    • konyuktivanın qızarması, göz yaşının axması, burunun tutulması, burunun axması, alın və üz nahiyəsində intensiv tərləmə, mioz, ptoz, göz qapaqlarının şişkinliyi.
    • Hər bir tutma gözlənilmədən başlayır və tamamlanır,15-dəqidədən 3 saata qədər çəkir, günaşırı bir dəfədən gün ərzində səkkizdəfəyə qədər təkrarlana bilər.
    • Xəstə tutmalar zamanı həyəcanlı olur.

------------------- ------------------- ------------------- ------------------- ------------------- ------------------- ------------------- -------------------

 

MÜALİCƏ TƏDBİRLƏRİ.

Uşaq və yeniyetmələrdə təkrarlanan və xroniki baş ağrılarının müalicəsi onların etiologiyasından asılı olaraq aparılır. Miqren və gərginlik tipli baş ağrılarının müalicəsi prinsipləri ayrıca seksiyada daha geniş təsvir edilibdir.

Burada isə xroniki baş ağrısı (birincili baş ağrısı və ya xroniki gündəlik baş ağrısı) olan uşaq və yeniyetmələrin müalicəsinə dair ümumi strateji yanaşma verilir. Baş ağrısından əziyyət çəkən uşaq və yeniyetmələrdə xüsusi diqqət məktəbdən qalma və reseptsiz satılan analgetik dərmanların (məs., asetaminofen, ibuprofen, naproksen) artıq istifadəsi məsələlərinə yönəldilməlidir. Ümumiyyətlə, tövsiyə edilir ki, analgetik dərmanlar həftədə 2 gündən artıq istifadə edilməsin.

Xroniki baş ağrıların müalicəsi systemli yanaşma tələb edir və adətən bir neçə ay ərzində aparılır. Bu cür müalicənin əsas məqsədi uşağın normal gündəlik həyat fəaliyyətinin bərpasıdır. Spesifik müalicə tədbirləri aşağıdakılardan ibarət ola bilər:

  • Uşaq və onun valideynlərinə real vəziyyəti təsvir etmək və gözlənilən nəticələri ətraflı izah etmək (məs., müalicə nəticəsində baş ağrıların tezliyi və ağırlıq dərəcsi bir neçə həftə və ya ay ərzində azala bilər, lakin baş ağrıları guman ki, davam edəcək).
  • Məktəbdən qalmış uşaqların məktəbə qayıtması. Həmin uşaqlara və/və ya onların müəllimlərinə məlumat verilir ki, baş ağrısı olduqda uşaqların məktəbdaxili tibb məntəqəsi və ya tibb bacısına müraciəti üçün imkan yaradılmalıdır.
  • Baş ağrısına səbəb olan faktorların və ya qıcıqlandırıcılardan yayınmaq (məs., yuxusuzluq, yuxu çatışmazlığı, az maye qəbulu və s.)
  • Gündəlik fiziki hərəkətlər və ya idman (20-30 dəqiqə ərzində)
  • Yanaşı müşahidə olunan hər hansı yuxu pozuntularının (məs., yuxuya gec getmə, gecə ərzində tez-tez oyanma), təşviş və ya həyacanın və əhvalın dəyişməsi ilə bağlı problemlərin müalicəsi

 

Əlavə olaraq tətbiq edilməsi mümkün olan qeyri-farmakoloji yanaşmalara aşağıdakılar aiddir:

  • Elektrofizioloji bioloji geriyə cavab reaksiyası
  • İdarə olunan təsəvvür
  • Fiziki terapiya
  • Akupunktura
  • Hipnoz
  • Meditasiya
  • Masaj
  • Psixoloji məsləhət

 

Dərmanlar isə qeyri-farmakoloji müalicə tədbirlərinə əlavə kimi istifadə edilir. Kəskin və ya güclü baş ağrısı halının müalicəsi üçün tətbiq edilən analgetik preparatların istifadəsi çox ehtiyyatla aparılmalıdır. Belə ki, yaranmış baş ağrısının dərman vasitəsilə tez bir zamanda aradan qaldırılması kimi faydası, onların həftədə 2 gündən çox istifadəsi nəticəsində yarana biləcək xroniki baş ağrısının inkişaf etməsi riski ilə tutuşdurulmalıdır. Ayda dörd dəfədən çox baş verən və ya uşağın fəaliyyətinə mənfi təsir edən baş ağrısının müalicəsi üçün profilaktik dərmanların qəbulu tələb oluna bilər.

Həddən artıq çox istifadə edilən analgetik preparatların qəbulu ilə əlaqəli olan xroniki baş ağrılarının müalicəsinin əsasının analgetik dərmanların qəbulunun dayandırılmasıdır.

 

MÜTƏXƏSSİSLƏRƏ YÖNLƏNDİRMƏK ÜÇÜN GÖSTƏRİŞLƏR.

Kəskin təkrarlanan və xroniki inkişaf etməyən baş ağrısı olan uşaq və yeniyetmələrin müalicəsi adətən poliklinika həkimləri (ailə həkimləri) və pediatrlar tərəfindən aparılır. Aşağıdakı hallarda baş ağrısı olan uşaq və yeniyetmələrin müvafiq mütəxəssislərə yönləndirilməsi tövsiyə oluna bilər:

  • Mütəxəssisin müdaxiləsini tələb edən ikincili baş ağrıları (məs, beyin daxilində kütlə, idiopatik kəllədaxili hipertoniya).
  • Təşviş (həyacan) və ya dəyişməsi ilə müşaiyət olunan baş ağrısı
  • Dəqiq diaqnoz məlum olmadıqda
  • Poliklinika həkimi və ya pediatr tərəfindən müalicəyə baxmayaraq, davam edən baş ağrıları
  • Xroniki gündəlik baş ağrıları (bu halda pediatr və ya ailə və ya poliklinika həkimi həmin xəstələrə təyin olunacaq müalicə planı ilə tanış olmalı və onun icrasında iştirak etməlidir)

 

NƏTİCƏLƏR.

Uşaqlıqda əmələ gəlmiş baş ağrılarının xüsusiyyətləri vaxt keçdikcə dəyişə bilər və ya aradan qalxa bilər və ya yaxşılaşa bilər. Məsələn, ABŞ-da 100 uşağın iştirakı ilə aparılmış araşdırmadan məlum olmuşdur ki, 8 il sonra gərginlik tipli baş ağrısı olan uşaqların 44%-də və miqren baş ağrısı olan uşaqların 28%-də baş ağrısı aradan qalxıb, Həmçinin müəyyən edilmişdir ki, ilk dəfə baş ağrısına görə müayinə olunan zaman yanaşı psixi pozuntusu olan uşaqlarda, baş ağrısı yaşlaşdıqca əsasən ya pisləşir, ya da dəyişməz qalır.