Hiperqlikemiya və Diabet

Xəstəlik tarixçəsi

68 yaşlı xanım bu yaxınlarda acqarına qanda şəkərin təyini testi vermiş və qanda şəkərin miqdarı 113 mq/dL olmuşdur. Onun ailəsində anası tip 2 diabetdən əziyyət çəkir. 

Fiziki müayinədə AQT 142/88 mm c.s., Bədən çəki indeksi BMİ 29 kq/kv.m. Yerdə qalan fiziki müayinə və həyati göstəricilər normaldır. 

Oral qlyukoza tolerantlıq testi aparıldıqda isə 2 saatdan sonra qanda şəkərin miqdarı 135 mq/dL qalxmış olur. 

Laborator analizlər: HbA1c 5.8%, HDL 48mq/dL, LDL xolesterol 115 mq/dL, Triqliseridlər 172 mq/dL.

Xəstənin müalicəsində növbəti addım hansı olmalıdır? 

A. Metforminə  ilə müalicəyə başlamaq

B. Pəhriz və fiziki hərəkətlər

C. Akarboza ilə müalicəyə başlamaq

D. Ramiprillə  ilə müalicəyə başlamaq

E. Roziqlitazonla  ilə müalicəyə başlamaq

 

---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- 

---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- 

İZAHLI CAVAB.

 

Cavab B. Pəhriz və fiziki hərəkətlilik (idman)

Verilmiş məlumatdan və xüsusilə də laborator testlərin nəticələrindən göründüyü kimi, xəstədə Acqarına yoxlanmış Qlyukozanın qanda konsentrasiyası normadan yuxarıdır və beləliklə normal deyil. Normada acqarına qlyukozanın səviyyəsi <100 mq/dL-dən az olmalıdır.

Qlyukozanın qanda acqarına səviyyəsinin 100-125 mq/dL olması isə qlyukozanın metabolizminin pozulması əlamətidir və həmin xəstələrdə Pre-Diabetin (diabet-öncəsi) olduğu nəzərdən keçirilir. Və bu xəstələrdə gündə ən azı 30 dəqiqə olmaqla həftənin əksər günlərində intensiv fiziki hərəkət (idman) etmək və kalorisi az olan pəhrizə başlamaq tövsiyə edilir. Bu xəstələrdə bədən çəkisinin ən azı 7% azaldılması tövsiyə edilir.

Acqarına qlyukozanın təyini testində qlyukozanın səviyyəsi >126 mq/dL-dən çox olarsa bu xəstələrdə diabetin olduğu düşünülməlidir.

Acqarına qlyukozanın təyini testi və həmçini Qlyukozaya tolerantlıq testinin nəticələri qeyri-normal olan, prediabeti olan xəstələrdə Pəhriz və Fiziki Hərəkətliliyin artırılması tövsiyə edilməlidir. Araşdırmalar göstərmişdir ki, həyat tərzinin modifikasiyasına yönəlmiş bu cür müdaxilə nəticəsində diabetin inkişafı riski 58%-dək azalmışdır.

Bu xəstəyə qlyukozanın səviyyəsini azaldan preparatların yazılmasına gərək yoxdur. Araşdırmalar göstərmişdir ki, akarbozanın tətbiqi diabetin inkişafı riskini cəmi 25% azaltmışdır. Metforminlə farmakoloji terapiya isə riskin 31%-dək azalmasına təsir göstərmişdir. Bütün hallarda həm akarboza, həm də metformin effektivliyə görə həyat tərzinin modifikasiyasından (pəhriz və idman, fiziki hərəkətlilik) xeyli geri qalır.

Eyni zamanda ekspertlər tövsiyə edir ki, Qlyukozaya Tolerantlıq Testinə görə qeyri-normal nəticələri olan xəstələrdə, habelə digər yüksək risk qrupuna aid xəstələrdə həyat tərzinin dəyişdirilməsi ilə yanaşı metforminlə terapiyanın başlanması tövsiyə edilə bilər. Lakin, burada təsvir edilmiş xəstədə QTT (qlyukozaya tolerantlıq testinin) nəticələri normaldır yəni <140 mq/dL-dən aşağıdır. Həmçinin xəstənin digər yüksək risk faktorları yoxdur. Buna görə də bu xəstədə metforminlə farmakoterapiyaya gərək yoxdur.  Lakin xəstədə QTT-nin nəticələri 140-199 mq/dL arası olsaydı, həyat tərzinin modifikasiyası ilə metforminin başlanması tövsiyə oluna bilərdir.

Araşdırmalar göstərmişdir ki, diabetin profilaktikasında AÇFİ-ları (məs, ramipril, lizinopril) heç bir rola malik deyil. Lakin, diabet səbəbindən diabetik nefropatiyası olan xəstələrdə böyrəklərin qorunması məqsədilə AÇFİ-larının tətbiqi tövsiyə edilə bilər.

Roziqlitazon və pioqlitazon preparatları ilə farmakoterapiya diabetin inkişafı riskini müvafiq olaraq 62% və 81%-dək azaltmış olur. Lakin, pre-diabeti olan xəstələrdə onların istifadəsi məqsədə müvafiq sayılmayıb (əsasən baha qiymətlərinə və yan təsirlərinə görə - ödem, qadınlarda sümük sınıqları riskinin artması, ürək-damar xəstəliklərinin pisləşməsi).

---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- 

---------------- ---------------- ---------------- ---------------- ---------------- ---------------- 

BİBLİOQRAFİYA

1. Knowler WC, Barrett-Connor E, Fowler SE, et al; Diabetes Prevention Program Research Group. Reduction in the incidence of type 2 diabetes with lifestyle intervention or metformin. N Engl J Med. 2002;346(6):393-403. [PMID:11832527] - See PubMed