Xəstəlik tarixçəsi.
55 yaşlı xanım həkimə gələrək 4 ay davam edən qaşınma, artan halsızlıqdan şikayətlənir. Onun başqa xəstəlikləri yoxdur və dərman qəbul etmir. Həyati göstəriciləri normal, skleraların ikterusu yoxdur, sarılıq əlamətləri müəyyən edilmir. Dəridə səpgi qeydə alınmır. Bədən çəkisi indeksi isə 25 kq/kv.m.
Laborator analizlər əldə olunur:
- Bilirubin, ümumi: 1.5 mq/dL.
- ALT: 69 vahid/L, AST: 78 vahid/L.
- Qələvi fosfataza: 470 vahid/L.
- Albumin 4 qm/dL.
- Hepatit C və B serologiyası: neqativdir.
Qarın boşluğunun US müayinəsində azacıq böyümüş qaraciyər müəyyən edilir. Öd axarları genişlənməyib.
Aşağıdakılardan növbəti addım hansı olmalıdır?
A. alfa-Anti-tripsinin fenotipi
B. Qaraciyər biopsiyası
C. Anti-mitoxondrial anticismlərin təyini
D. Qanda zülalların elektroforezi
------------------ ------------------ ------------------ ------------------ ------------------
------------------ ------------------ ------------------ ------------------ ------------------
İZAHLI CAVAB.
Cavab C. Anti-mitoxondrial anticismlərin təyini
Xəstə çox guman ki, birincili biliar sirrozdan əziyyət çəkir və AMA (antimitoxondrial anticismlərin) təyini bu xəstəliyin diaqnostikasında yüksək həssaslıq və spesifikliyə malikdir. Birincili Biliar Sirrozu olan xəstələrin 95%-dən çoxunda antimitoxondrial anticismlər təyin edilir.
Halsızlıq, qaşınma, Qələvi Fosfatazının konsentrasiyasının artması və AMA anticismlərinin olması məhz birincili biliar sirroza işarə edir. Bu sadalanmış əlamətlər qaraciyərin digər xəstəliklərində, o cümlədən, hepatit C və B, alkoqollu qaraciyər xəstəliklərində, müşahidə edilmir.
Düzdür halsızlıq və qaşınma birincili biliar sirrozun əsas əlamətləri olsa da, bu xəstəlik hazırda daha erkən mərhələlərdə diaqnostika olunduğu üçün onlar müəyyən olunmaya da bilər.
Xroniki xolestazı olan bütün xəstələrdə müvafiq diaqnostik görüntüləmə aparılmalı və ekstrahepatik öd axarlarının obstruksiyası və ya öd axarlarının digər pozuntuları istisna edilsin. Məsələn, kolit olan xəstələrdə sklerozlu xolangit də istisna edilməlidir.
Əgər AMA testi müsbət nəticə verərsə, növbəti addım isə qaraciyərin biopsiyasıdır. Biopsiya qaraciyərin xəstəliyinin mərhələsini təyin etməyə və birincili biliar sirroza bənzər klinikaya malik olan digər mümkün qaraciyər patologiyalarının istisna edilməsinə yardım edə bilər.
Alfa-antitripsin fermentinin defisiti AST və ALT (aminotransferazaların) fermentlərinin artmasına səbəb olur, lakin xolestatik vəziyyətə səbəb olmur.
Qanda protein elektroforezinin aparılması nəticəsində İgM-nin artması müşahidə edilə bilər, lakin bunun heç bir əhəmiyyəti yoxdur.
------------------ ------------------ ------------------ ------------------ ------------------
------------------ ------------------ ------------------ ------------------ ------------------
BİBLİOQRAFİYA.
1. www.uptodate.az Qaraciyərin qeyri-normal funksional test nəticələri: diferensial diaqnostika, müalicə.