Biləyin sınığı

Xəstəlik tarixçəsi

55 yaşlı anemiyalı kişi xəstə biləyin sınığından sonra təkrar həkimin müayinəsinə gəlib. Xəstə asimptomatikdir və heç bir şikayəti yoxdur. 2 həftə öncə o sürüşərək yıxılmış və biləyi sınmışdır. Bu səbəbdən təcili tibbi yardıma müraciət etmiş və orada sağ biləyi müayinə edilmiş və gipsə qoyulmuşdur. Məhz bu zaman onun analizlərində anemiyanın olduğu da təyin edilmişdir. Təxminən 5 il öncə xəstə kolonoskopiya keçirmiş və nəticələri normal olmuşdur. Təcili tibbi yardım məntəqəsində müalicədən sonra, xəstə tərəfindən laboratoriyaya təqdim edilmiş 3 müxtəlif nəcis nümunəsinin gizli qana müayinəsi neqativ olmuşdur. Xəstə hazırda heç bir dərman qəbul etmir. 

Fiziki müayinədə xəstənin həyati göstəriciləri normaldır və BKİ 19 kq/kv.m-dir. Onun sağ biləyi gipsdədir. Fiziki müayinədə heç bir digər patoloji tapıntılar aşkar edilmir. 

Laborator analizlər: Hb 11.9 q/dL və 25-hidroksiVitamin D-nin səviyyəsi 17 nq/mL (42 nmol/L). Metabolik profil və sidiyin analizinin nəticələri normadadır. 

DEXA (ikili enerji ilə rentgen şüaları ilə absorbtiometriya) müayinəsində T-qiyməti bel onurğasında -1.6, bud sümüyünün boğazında -2.2 və çanaq sümüklərində -1.9 olub. 

Bu xəstənin müalicəsində növbəti addım hansı olmalıdır?

A: Alendronatla müalicəyə başlamaq

B: Teroparatidlə müalicəyə başlamaq

C: Sümük densitometriyasını (DEXA) 1 ildən sonra təkrarlamaq

D: Xəstəni seliakiyaya və ya qlyuten enteropatiyası xəstəliyinə yoxlamaq

 



 

İZAHLI CAVAB. 

Cavab D. Xəstəni seliakiyaya və ya qlyuten enteropatiyası xəstəliyinə yoxlamaq

Bu 55 yaşlı kişi xəstənin müayinəsində növbəti addım onun seliak xəstəliyi və ya qlyuten enteropatiyası xəstəliyinə yoxlanılmasıdır. Belə ki, qlyuten enteropatiyası sümük kütləsinin azalması və sınıqlara səbəb olan xəstəliklərdən biridir. Bu xəstədə durduğu yerdən yıxıldıqda sümük sınığı (kövrək sümük sınığı) baş verib və sümük sıxlığının densitometriyasında osteopeniyanın olduğu müəyyən olunub. Ümumiyyətlə, sağlam olan 55 yaşlı kişidə bu cür tapıntılar sümük kütləsinin az olması və sınıqların baş verməsinin ikincili səbəblərin axtarışını tələb edir.

Həmin xəstələrdə anamnez və fiziki müayinədən irəli gələrək aşağıdakıların yoxlanılması tövsiyə oluna bilər: hipoqonadizm, vitamin D çatışmazlığı, birincili hiperparatireoz, kalsiumun malabsorbsiyası və çoxsaylı miyeloma. Xəstə tərəfindən günə 1 qm kalsium qəbulu fonunda 24 saatlıq sidikdə kalsium ifrazının təyini də faydalıdır. Sidikdə kalsiumun miqdarının az olması kalsiumun bağırsaqlardan sovrulmasının zəif olmasına və ya malabsorbsiyaya dəlalət edir. Kalsiumun malabsorbsiyası isə çox vaxt qlyuten enteropatiyasında müşahidə edilir.

Xəstənin BKİ-nin aşağı olması, kövrək sümük sınıqlarının baş verməsi və anamnezdə dəmir defisitli anemiyanın olması seliak xəstəliyinə olan şübhəni artırmış olur. Hətta mədə-bağırsaq sistemi ilə əlaqəli simptomlar olmadıqda belə, yuxarıdakı xəstədə seliak xəstəliyinə dəlalət edən əlamətlər və simptomlar inkar edilməməlidir.

Bu xəstənin müalicəsi üçün alendronat və ya teriparatidin başlanması yalnız xəstəliyin ikincili səbəblərinin axtarışı tamamlandıqdan sonra nəzərdən keçirilə bilər. Sümük kütləsinin az olmasına gətirib çıxarmış səbəblər aradan qaldırıldıqdan sonra bu preparatların təsiri daha effektivdir.

Hazırda heç bir müdaxilə etmədən 1 ildən sonra sümük densitometriyasının təkrar təyini düzgün seçim deyil. Belə ki, həmin dövrdə sümük kütləsinin proqressiv azalması baş verəcək.

 

 



BİBLİOQRAFİYA.

  1. Bone mass and metabolism in patients with celiac diseaseGastroenterology, Volume 109, Issue 1, July 1995, Pages 122-128; Gino Roberto Corazza, Antonio Di Sario, Loredana Cecchetti, Carlo Tarozzi, Giovanni Corrao, Mauro Bernardi, Giovanni Gasbarrini 
  2. http://www.aafp.org/afp/2002/1215/p2259.html 
  3. Ciclitira PJ, King AL, Fraser JS. AGA technical review on celiac sprue. American Gastroenterological Association. Gastroenterology. 2001;120:1526–40.
  4. Van De Wal Y, Kooy Y, Van Veelen P, Vader W, Koning F,. Coeliac disease: it takes three to tango! Gut. 2000;46:734–7.
  5. Marsh MN. The natural history of gluten sensitivity: defining, refining and re-defining. QJM. 1995;88:9–13.
  6. Sollid LM, Markussen G, Ek J, Gjerde H, Vartdal F, Thorsby E. Evidence for a primary association of celiac disease to a particular HLA-DQ alpha/beta heterodimer. J Exp Med. 1989;169:345–50.
  7. Collin P, Salmi J, Hallstrom O, Reunala T, Pasternack A. Autoim-mune thyroid disorders and coeliac disease. Eur J Endocrinol. 1994;130:137–40.