12 saat davam edən hərarət, mialgiya, baş ağrısı və səpgi

Xəstəlik tarixçəsi

20 yaşlı tələbə qız dekabr ayında 12 saat davam edən hərarət, mialgiya, baş ağrısı və səpgi şikayəti ilə həkimə müraciət edib. Onun qəbul etdiyi yeganə dərman oral kontraseptiv dərmandır.

Fiziki müayinədə xəstənin halsız olduğu müəyyən edilir. Onun hərarəti 38.8C, qan təzyiqi 90/45 mm c.s., nəbzi dəqiqədə 112 və tənəffüs tezliyi dəqiqədə 24-dür. Onun aşağı ətraflarında petexiyal səpgi müəyyən edilir. Boyunun passiv bükülməsi diskomforta səbəb olur.

Laborator analizlər:

Leykositlər 10,500/µL (10.5 × 109/L) və onların 80% polimorfnüvəli hüceyrələrdir, 20% isə yetişməmiş formalardır
Trombositlər 105,000/µL (105 × 109/L)
Qanda sidik cövhəri 30 mq/dL (10.7 mmol/L)
Kreatinin 2.5 mq/dL (221 µmol/L)
Bikarbonat 15 meq/L (15 mmol/L)

Lumbar punksiya həyata keçirilir. Punksiyada açılış təzyiq 300 mm H2O olur. Beyin-onurğa beyin mayesinde leykositlərin sayı 1250/µL (1250x 106/L) və onların 95% polimorfnüvəli hüceyrələrdir. BOBM-də zülalın səviyyəsi 100 mq/dL (1000 mq/L). Qram yaxmada çoxlu sayda polimorfnüvəli hüceyrələr görünür, lakin mikroorqanizmlər müəyyən edilmir. 

Bu xəstənin ən çox ehtimal edilən diaqnozu hansıdır?

A. Listeria monocytogenes meningiti

B. Neisseria meningitidis törədicisi səbəbindən meningit 

C. Rickettsia Rickettsia tərəfindən törədilən ləkəli qızdırma (Rocky mountain) 

D. Viruslu meningit 

 



 

İZAHLI CAVAB.

Cavab B. Neisseria meningitidis törədicisi səbəbindən meningit.

Bu xəstənin diaqnozu meninqokokk mənşəli infeksiyaya dəlalət edir. Xəstədə meninqokokk infeksiyası kəskin başlamış yüksək hərarət, miyalgiya, baş ağrısı və səpgi ilə müşaiyət olunur. Başlanğıcda xəstəliyin kliniki gedişatı bir sıra digər viruslu xəstəliklərdən fərqlənməyə də bilər; lakin xəstəliyin proqressiv gedişatı və klinikanın bir neçə saatdan sonra daha da pisləşməsi və septik şoka keçməsi meninqokokk mənşəli infeksiyanı digər xəstəliklərdən differensiasiya etməyə imkan verir. Meninqokokk infeksiyasında petexial səpgi də çox tez-tez təsadüf edir.

Xəstənin diaqnozu xəstəliyin klinikası əsasında qoyulur və beyin-onurğa beyin mayesi və qan analizləri ilə təsdiq edilir. Guman ki, bu tələbə meninqokokka qarşı vaksinasiya olunub. Belə ki, ABŞ-da və bir çox digər qərb ölkələrində kolec və ya ali təhsilə daxil olan tələbələrin hamısı meninqokokka qarşı vaksinasiya olunur. Bu vaksin immunogenikdir və meninqokokkun A,C,Y və W-135 seroqruplarına qarşı effektivdir. Lakin, hazırda mövcud olan vaksinlərin meninqokokkun B seroqrupuna qarşı effektivliyi yoxdur və bu seroqrupa aid bakteriyalar meninqokokk infeksiyasına səbəb olur. Avropada seroqrup B meninqokokka qarşı vaksin istifadəyə verilsə də, ABŞ-da bu vaksin yalnız epidemiya zamanı istifadə edilə bilər.

Novartis firması tərəfindən istehsal olunmuş seroqrup B meninqokokka qarşı BEXERO adlı vaksin kliniki tədqiqatlarda xəstəliyin profilaktikasında çox effektiv olmuşdur. Qeyd olunmalıdır ki, seroqrup B meninqokokk əsasən körpələrdə ağır xəstəliyə səbəb olur və 24 saat ərzində körpənin ölümünə səbəb ola bilər. 

Listerina monocytogenes bakteriyası tərəfindən törədilən meninqit əsasən ya körpələrdə, ya da 50 yaşdan yuxarı şəxslərdə, alkoqolizmə düçar olmuş, bədxassəli xəstəliyi olan, immun sistemi supressiya olunmuş, şəkərli diabeti olan, qaraciyər çatışmazlığı, böyrək çatışmazlığı, artıq dəmir yüklənməsi, kollagen damar xəstəlikləri və HİV infeksiyası olan xəstələrdə müşahidə edilir.  Listeria törədicisi səbəbindən inkişaf edən meninqoensefalit az ağır xəstəlikdən fulminant gedişata malik ola və hətta koma ilə nəticələnə bilər. 

Rocky mountain ləkəli qızdırma xəstəliyi əsasən ağır baş ağrısı, yüksək hərarət, miyalgiya və artralgiya ilə müşaiyət olunur. Trombositopeniya və kəskin böyrək zədələnməsi də baş verə bilər. Makulopapulyoz səpgi adətən 3-5 gün sonra inkişaf edir. Səpgi ilk öncə biləklərdə və topuqlarda başlayır və ovuclara və pəncələrə də yayıla bilər. Ləkəli qızdırma (Rocky mountain) Rickettsia Rickettsia səbəbindən inkişaf edir və əsasən Amerikada it gənəsə ilə transmissiya olunur. İnfeksiya halları əsasən yaz və yay aylarında baş verir. 

Viruslu (aseptik) meningitin kliniki mənzərəsi bakteriyal meningitə bənzəyə bilər. Viruslu meningiti olan xəstələr də hərarət, baş ağrısı, boyunun gərginliyi (əzələlərin sərtliyi) və fotofobiyadan şikayətlənə bilər və onlarda bəzən makulopapulyoz səpgi müşahidə edilə bilər. Lakin, kəskin viruslu meningit çox nadir hallarda orqan disfunksiyasına dəlalət edən əlamətlərlə - metabolik asidoz və kəskin böyrək çatışmazlığı - müşaiyət olunur. 

 



BİBLİOQRAFİYA.

  1. Meningococcal serogroup B vaccine (Bexero). http://www.immunisation.ie/en/Conferences/2013VPDConference/PDFFile_17228_en.pdf 
  2. Brooks M. FDA OKs Use of Meningitis Vaccine in Infants, Toddlers. Medscape Medical News. Aug 2 2013. Available at http://www.medscape.com/viewarticle/808914. Accessed August 13 2013.
  3. Chin RF, Neville BG, Scott RC. Meningitis is a common cause of convulsive status epilepticus with fever.Arch Dis Child. Jan 2005;90(1):66-9. [Medline].
  4. Hart CA, Cuevas LE, Marzouk O, et al. Management of bacterial meningitis. J Antimicrob Chemother. Jul 1993;32 Suppl A:49-59. [Medline].
  5. Stephens DS. Neisseria meningitidis. Infect Control. Jan 1985;6(1):37-40. [Medline].
  6. Jackson LA, Schuchat A, Reeves MW, Wenger JD. Serogroup C meningococcal outbreaks in the United States. An emerging threat. JAMA. Feb 1 1995;273(5):383-9. [Medline].
  7. Ahlawat S, Kumar R, Roy P, et al. Meningococcal meningitis outbreak control strategies. J Commun Dis. Dec 2000;32(4):264-74. [Medline].