Xəstəlik tarixçəsi.
24 yaşlı qadın xəstə pisləşən astma simptomları səbəbindən həkimin qəbuluna gəlib. Pisləşən simptomlar səbəbindən xəstə əvvəllər yalnız tələb olunanda istifadə etdiyi albuterol inqalyatorundan artıq həftədə 2-3 dəfə istifadə etməyə və həftədə ən azı bir dəfə gecə astma simptomları səbəbindən oyanmağa və inqalyatordan istifadə etməyə məcburdur. Bunlara baxmayaraq, xəstə hələ də öz gündəlik həyat fəaliyyətini normal yerinə yetirə bilər, o cümlədən, albuteroldan profilaktika kimi istifadə etdikdə hətta idmanla da məşğul olur.
Xəstənin toza, ota, ağaclara və pişiklərə qarşı allergiyası vardır.
Fiziki müayinənin nəticəsi və həyati göstəricilər normadadır. Ağciyərin auskultasiyasında fit səsi və ya quru xırıltılar eşidilmir. Spirometriyada FEV1 gözləniləndən 85% və FEV1/FVC nisbəti gözləniləndən 80% təşkil edir.
Aşağıdakılardan hansı bu xəstənin müalicəsi üçün ən münasib addımdır?
A: uzun müddətli təsirə malik β2-aqonist preparatının əlavə edilməsi.
B: uzun müddətli təsirə malik β2-aqonist preparatı və aşağı dozada inqalyasiya edilən kortikosteroidin əlavə edilməsi.
C: Aşağı dozada inqalyasiyalı kortikosteroidin əlavə edilməsi.
D: Albuterol inqalyatorundan gündəlik istifadə etmək
E: Allergen immunterapiyasına yönləndirmək.
İZAHLI CAVAB.
C: Aşağı dozada inqalyasiyalı kortikosteroidin əlavə edilməsi.
Bu xəstənin müalicəsi üçün farmakoterapiyaya aşağı dozada inqalyasiyalı kortikosteroid preparatı əlavə edilməlidir. Aydındır ki, xəstə mülayim davamlı (hissəvi nəzarət edilən) astmadan əziyyət çəkir. Belə ki, astma ilə bağlı simptomlar həftədə 2 gündən çox müşahidə edilsə də, hər gün baş vermir və xəstə astma simptomları səbəbindən həftədə 1 dəfə gecə oyansa da, hər gecə astmaya görə oyanmaq məcburiyyətində deyil. Bu xəstənin buna görə də müalicəsi üçün ən yaxşı strategiya onun qəbul etdiyi qısa-müddətli təsirə malik β2-aqonist preparatına aşağı dozada inqalyasiyalı kortikosteroid preparatının əlavə edilməsidir. İnqalyasiyalı kortikosteroidlərin əlavə edilməsinə alternativ kimi xəstənin müalicəsi üçün leykotriyen reseptorlarının antaqonisti və ya teofillin istifadə edilə bilər.
İnqalyasiyalı aşağı dozada kortikosteroid qəbul etməyən xəstələrdə qısa müddətli β2-aqonist preparatına uzun müddətli təsirə malik β2-aqonist preparatının əlavə edilməsi tövsiyə edilmir.
Təsvir edilmiş simptomlarla müşahidə edilən astmanın aşağı dozalı inqalyasiyalı kortikosteroid preparatı ilə uzunmüddətli təsirə malik β2-aqonist preparatının kombinasiyası ilə müalicəsinin aparılmasına ehtiyac yoxdur. Mütəxəssislərin tövsiyələrinə görə xəstələrin müalicəsi üçün ilk öncə üstünlük aşağı dozalı inqalyasiyalı kortikosteroid preparatına verilməlidir. Lakin, orta dozalı inqalyasiyalı kortikosteroid preparatının tətbiqi ilə astmanın kontrol edilməsi mümkün olmadıqda, xəstələrin farmakoterapiyasına uzunmüddətli təsirə malik β2-aqonist preparatı əlavə edilə bilər.
Gün ərzində müəyyən edilmiş intervallarla albuterolun qəbulu tövsiyə edilmir, çünki albuterolun bu cür istifadəsi tənəffüs yollarının davam edən iltihabının gizlədilməsinə səbəb olar və aşağı dozada inqalyasiyalı kortikosteroidlərin başlanmasını gecikdirə bilər. Albuterol kimi qısamüddətli təsirə malik preparatlar yalnız təcili yardım və ya əlavə kömək qismində istifadə edilməlidir.
Bəzi xəstələrdə allergen immunoterapiyası faydalı ola bilər. Lakin, allergen immunoterapiya daha çox allergik riniti olan xəstələr üçün faydalıdır və mülayim davamlı (hisəvi nəzarət edilən) astmanın müalicəsi üçün tövsiyə edilmir.
NƏTİCƏ. Beləliklə, mülayim davamlı (hisəvi nəzarət edilən) astmanın müalicəsində üstünlük tələb olunduqda qəbul edilən qısamüddətli təsirə malik β2-aqonist preparatına aşağı dozada inqalyasiya olunan kortikosteroid preparatının əlavə edilməsinə verilir.
BİBLİOQRAFİYA.
- Bronxial astma üzrə Kliniki tövsiyələr. İSİM, 2008.
- Astmanın yeniyetmələr və böyüklərdə diaqnostikası. www.uptodate.az;
- PULMONOLOGİYA-REANİMASİYA: Astmanın kəskinləşməsinin müalicəsi strategiyası. www.uptodate.az Rezident: Biliyin qiymətləndirilməsi.
Arayış (İSİM tərəfindən hazırlanmış Kliniki protokoldan çıxarış, 2008).
Spirometriya – tənəffüs yollarından havanın keçməsinə yaranan məhdudiyyətin (tənəffüs yollarının obstruksiyasının) səviyyəsini, geriyə dönmə dərəcəsini, dəyişkənliyini ölçmək, həmçinin xəstəliyin gedişinin ağırlığını qiymətləndirmək üçün istifadə edilən metoddur. Əgər bronxodilyatorların təyinindən sonra GNH1 12% və ya daha çox (yaxud > 200 ml) artırsa, bu, bronxial obstruksiyanın geriyə dönməsinin göstəricisidir və BA diaqnozunun təsdiq edilməsində yardımçı ola bilər. Lakin astmalı pasiyentlərin əksəriyyətində hər ölçmə zamanı bronxial obstruksiyanın geriyə dönməsi aşkar edilmir, ona görə də təkrar müayinələrin aparılması tövsiyə olunur. GNH1 uşaqlarda beş yaşından sonra təyin olunur və GNH1-nin AcHT-ə nisbəti 80%-dən artıq olmalıdır (90%-dən artıq olması da mümkündür). Bu səviyyədən aşağı olan qiymətlər bronxial obstruksiyanın göstəricisi hesab edilə bilər.
Norma göstəriciləri:
Parametrlər |
Norma göstəriciləri, % gözlənilən nəticədən |
FEV1 (GNH1) |
80-120 |
FVC (AcHT) |
80-120 |
FEV1/FVC |
> 0.70 gözlənilən nəticədən |
FEF 25-75 |
> 0.65 gözləniləndən və ya FEF25-75/FVC > 0.66 |
TLC |
80-120 |
FRC |
75-120 |
RV |
75-120 |
DLCO |
75-120 |
Abreviaturalar:
- GNH1 (FEV1) - 1 saniyədə güclü nəfəsvermənin həcmi,
- AcHT (FVC) - ağciyərlərin həyat tutumu (güclü nəfəsvermənin tam həcmi).