Xəstəlik tarixçəsi.
52 yaşlı kişi xəstə reanimasiya şöbəsində karpopedal spazm və tetaniya səbəbindən müayinə olunur. Xəstədə iki gün öncə qalxanabənzər vəzin follikulyar xərçənginə görə tiroidektomiya və boyunun modifikasiya olunmuş disseksiyası əməliyyatı aparılmışdır. Xəstə bu gün səhər ekstubasiya olunub. Özünə tam gəldikdən sonra xəstə perioral keyləşmə və barmaq uclarının parasteziyasından şikayətlənir.
Fiziki müayinədə həyati göstəriciləri normaldır. Müayinədə Şvostek əlaməti nümayiş etdirilir və karpopedal spazm müşahidə edilir. Laborator analizlər: Albumin-4.5 q/dL (45 q/L), Kalsium-6.9 mq/dL (1.7 mmol/L), Fosfat-3.9 mq/dL (1.3 mmol/L).
Aşağıdakı suallara cavab verin.
1) Bu xəstənin kəskin dövrdə müalicəsi necə aparılmalıdır?
A. IV kalsitriol
B. İV kalsium qlyukonat
C. Oral kalsium
D. Oral kalsium və vitamin D
2) Bu xəstədə nümayiş etdirilən Şvostek əlamətini izah edin?
3) Xəstədə müşahidə edilən simptomların səbəbi nədir?
IZAHI CAVAB.
Cavab B. İV kalsium qlyukonat.
Boyunda aparılan cərrahi müdaxilələr zamanı paratioid vəzlərinin bilərəkdən və ya bilməyərəkdən rezeksiyası, çıxarılması və ya qan təchizatının pozulması xəstələrdə hipoparatireoza və bunun nəticəsində hipokalsemiya və hiperfosfatemiyaya səbəb ola bilər. Kəskin simptomatik hipokalsemiyası olan (qanda kalsiumun səviyyəsi <7.0 mq/dL və ionizasiya olunmuş kalsiumun səviyyəsi <3.2 mq/dL və ya <0.8 mmol/L) xəstələrin müalicəsi təcili olaraq İV kalsiumla aparılmalıdır. Bu məqsədlə İV Kalsium Qlyukonat (və ya kalsium xlorid) istifadə edilə bilər. Lakin, ekstravazasiya olunduqda daha az dərəcədə toxuma nekrozu törətdiyinə görə Kalsium Qlyukonata daha çox üstünlük verilir. Kalsium qlyukonatın mərkəzi venoz kateter vasitəsilə verilməsi daha məqsədə uyğundur. Kalsium qlyukonatın digər məhlullara əlavə edilməsi də mümkündür, lakin əmin olmaq lazımdır ki, həmin məhlulların tərkibində bikarbonat və ya fostfat olmasın, çünki bu maddələr kalsiumla həll olunmayan duzlar əmələ gətirir.
Əgər xəstəyə fosfat və ya bikarbonatın verilməsi də vacibdirsə, bu məhlulların verilməsi başqa venoz kateterlə aparılmalıdır. Xəstələrdə tez-tez müşahidə edilən yanaşı hipomaqnezemiya da maqnezium sulfat İV verilməklə müalicə oluna bilər.
Kəskin dövr ötdükdən sonra xəstələrə kasium və vitamin D per oral verilə bilər. Lakin, bu yalnız xəstələrdə müşahidə edilən tetaniya keçdikdən sonra baş verməlidir.
İV Kalsitriolun inyeksiyası əsasən xroniki böyrək çatışmazlığına görə dializ alan xəstələrdə müşahidə edilən hipokalsemiyanın müalicəsi zamanı istifadə edilir. Bu qrup xəstələrdə kalsitriolla müalicə həm paratiroid hormonun səviyyəsinin azalmasına, həm də renal osteodistrofiyasının yaxşılaşmasına yardım etmiş olur.
Oral kalsium az ağır dərəcəli hipokalsemiya və ya xroniki hipokalsemiyanın müalicəsində istifadə edilə bilər. Doza əsasən elementar kalsiumla hesablandıqda 1.5-3.0 qm/gündə olur.
Oral Vitamin D də əsasən xroniki hipokalsemiyanın müalicəsində istifadə edilir. Vitamin D həm qısa təsirli (kalsitriol), həm də uzun təsirə malik olan (Vitamin D2 - erqokalsiferol) preparat kimi verilə bilər. Hipoparatireozu olan xəstələrin müalicəsi erqokalsiferolla aparılmamalıdır, çünki paratiroid hormonun çatışmazlığı səbəbindən 25-hidroksi-Vitamin D qanda 1,25-dihidroksi-Vitamin D-yə çevrilə bilmir.
Hipoparatireozda kalsitriolun istifadəsi daha məqsədə uyğundur.
Xəstələrdə kalsiumun səviyyəsinin 8.5-9.2 mq/dL səviyyəsində saxlanması tövsiyə edilir. Kalsiumun qanda daha yüksək səviyyədə olması hiperkalsiuriyaya və nefrolitiaz, nefrokalsinoz və böyrək çatışmazlığına səbəb ola bilər.
BİBLİOQRAFİYA:
1. www.uptodate.az ENDOKRİNOLOGİYA. Hiperkalsemiya və birincili hiperparatiroidizm