Xəstəlik tarixçəsi.
35 yaşlı qadın hamilə olmağa hazırlaşır və həkimlə məsləhətləşməyə gəlib. Xəstə 4 ildir ki, essensial hipertoniyadan müalicə alır. Lakin, xəstə bir müddətdir ki, qəbul etdiyi lizinoprili dayandırıb və özünü yaxşı hiss edir. Onun tibbi tarixçəsinin öyərnilməsi göstərdi ki, xəstədə hipertoniyanın heç bir ağırlaşmaları və ya digər tibbi problemlər yoxdur.
Fiziki müayinədə AQT 160/95 mm c.s. və nəbzi dəqiqədə 90 vurğudur. Fundoskopik, ürək və ağciyərin müayinəsinin nəticələri normaldır. Aşağı ətraflarda çox az dərəcəli iki tərəfli ödem müəyyən edilir. Qanda kreatinin səviyyəsi 0.63 mq/dL (54 mikromol/L). Sidiyin analizi normaldır.
Bu xəstədə hipertoniyanın müalicəsi necə aparılmalıdır?
A. Atenolol
B. Hidroxlortiazid
C. Labetalol
D. Lizinopril
E. Lozartan
İZAHLI CAVAB.
Cavab C. Labetalol.
Bu xəstədə olan hipertenziyanın müalicəsi labetalolla aparıla bilər. Labetalol hamiləlikdə istifadə riskinə görə C kateqoriyasına aid edilən dərman preparatıdır. Hamiləlikdən öncə hipertenziyası olan qadınlarda hamiləlik zamanı müxtəlif ağırlaşmalar riski artmış olur. Lakin, digər tərəfdən hamiləlik zamanı xroniki hipertenziyanın müalicəsi mübahisəli məsələdir.
Arteriyal təzyiqin hamiləlik zamanı normal çərçivədə saxlanmasının ana və dölə olan faydasını qiymətləndirmək çətindir. Lakin, həmin fayda hamiləlik zamanı anada olan hipertenziyanın ağırlıq dərəcəsi, hədəf orqanların xəstəliklərinin mövcudluğu və digər yanaşı xəstəliklərdən asılıdır.
Yuxarıda təsvir edilmiş xəstənin arteriyal qan təzyiqi yüksəkdir və əksər mütəxəssis onun müalicə olunmasını tövsiyə edir. Labetalol hamiləlik zamanı geniş istifadə edilən preparatdır və alfa və beta blokada xüsusiyyətlərinə malikdir. Hamiləlik zamanı geniş istifadə edilən və dölə qarşı zərərsizliyi uzun illər ərzində istifadə nəticəsində təsdiqlənmiş digər preparat Metildopadır. Həmçinin, metildoma yeganə preparatdır ki, hamiləlikdə istifadə riskinə görə B kateqoriyasına aid edilir. Lakin, çox zaman yalnız metildopa ilə xəstənin hipertenziyasını tənzimləmək çətin olur. Bununla yanaşı bir çox qadınların metildopanın sedativ xüsusiyyətlərindən xoşu gəlmir.
Labetalolla müqayisədə atenolol və onun kimi yalnız beta-blokator preparatların hamiləlikdə istifadəsi zamanı dölün çəki azlığına səbəb olur. Lakin, əvvəllər beta blokatorların istifadəsi ilə əlaqələndirilən neonatal hipoqlikemiya və bradikardiya hazırda ananın hipertoniya xəstəliyi ilə əlaqələndirilir.
Angiotenzin çevirən fermentin inhibitorları və angiotenzin reseptorlarının blokatorlarının hamiləlik zamanı istifadəsi qadağındır. Bu preparatlar hamiləlikdə istifadə riskinə görə X kateqoriyasına aid edilir və dölün böyrək funksiyasının pozulmasına və dölün aşağı və yuxarı ətraflarının normal inkişafının pozulmasına səbəb olur (xüsusilə də, İİ və İİİ trimestrdə). Bütün hallarda AÇFİ-ları və ARB-lar hamiləlik zamanı istifadə edilməməlidir.
Diuretiklər hamiləlik zamanı bədəndə maye həcminin normal fizioloji artımına maneə ola bilər. Böyrək çatışmazlığı olmayan xəstələrdə diuretiklərin istifadəsi tövsiyə edilmir. Lakin, hamiləlikdən əvvəl xroniki hipertenziyanın müalicəsi üçün hidroxlortiazid diuretiki qəbul edən xəstələr, hamiləlikdən sonra daha kiçik dozada həmin diuretik preparatının qəbulunu davam etdirə bilər.